×
A
A
A
Sazlamalar

Tanınmış televiziya aparıcısının maraqlı hobbisi: ABAD-la da əməkdaşlıq edirəm - Xaçmazdan REPORTAJ VİDEO

Xaçmaz, 23 fevral, Elxan Yusifli, AZƏRTAC

Şaiq Ağayev televiziya aparıcısı kimi tanınır. 2008-ci ildə Xaçmazdan yayımlanan “RTV”də aparıcı kimi fəaliyyətə başlayan Şaiq hazırda tamaşaçıları AZTV-nin “Telesəhər” proqramından salamlayır. Amma biz bu gün tanınmış aparıcının hər kəs tərəfindən bilinməyən başqa bir istedadı haqqında danışacağıq. O, Azərbaycanda metal üzərində bədii döymə sənətini yaşadan azsaylı sənətkarlardan biridir.
AZƏRTAC-ın bölgə müxbiri Xaçmazda Şaiq Ağayevin qonağı olub, onun bədii döymə və misgərlik sahəsində fəaliyyəti ilə maraqlanıb.
Xaçmazın Mürşüdoba kəndində anadan olan Şaiq Azərbaycan İncəsənət Universitetinin Estrada aktyoru fakültəsinin məzunudur. Hələ uşaq yaşlarından metal üzərində bədii döymə sənətinə maraq göstərib. Çünki onun əmisi Zeydulla Ağayev ölkəmizdə tətbiqi xalq sənətkarlığı, xüsusilə də bədii döymə sənəti ilə tanınan sənətkarlardandır.

“Əmimin əl işlərinə baxıb həvəslənirdim. Amma o vaxt bədii döymə üçün metal lövhələr tapmaq çətin idi. Mən də dəmirdən hazırlanan yağ qablarını kəsib, lövhələr əldə edirdim. Amma həmin metal tez paslanır, rəngini dəyişir, bir sözlə, zay olurdu. Çətin olsa da, bədii döymənin sirlərini öyrənməyi bacardım və bu iş mənim hobbimə çevrildi. İndi artıq bu işlə daha ciddi məşğul oluram. Hətta ABAD-la əməkdaşlıq da edirəm. Hazırladığım əl işlərinə xarici turistlər tərəfindən böyük maraq var”, - deyə Şaiq Ağayev söyləyir.
Şaiq televiziyada işlədiyindən bədii döymə ilə məşğul olmağa az zamanı qalır. Əsasən istirahət günlərində və işdən evə qayıtdıqdan sonra misgərliklə məşğul olur. Dediyinə görə, bəzən axşam saatlarından səhərə kimi əl işi üzərində çalışır.

O, mis lövhə üzərində əsasən tarixi şəxsiyyətlərimizi, qədim abidələrimizi, milli ornamentlərimizi əks etdirir: “Buta, Qız qalası, Xarıbülbül, Nar simvollarına daha çox üstünlük verirəm. Əl işini hazırlamaq üçün əvvəlcə böyük mis lövhədən uyğun ölçüdə parça kəsirəm. Sonra həmin lövhənin üzərində hazırlayacağım əl işinin eskizini cızıram. Daha sonra fiqur kəsilir, kənarları hamarlanır, üzərinə naxışlar vurulur. Mis lövhə üzərində bir şəkli canlandırmaq çox səbir tələb edən işdir. Əsəri metal üzərində döyməklə iş bitmir. Əsər həkk olunan metal lövhə cilalanaraq, kimyəvi məhlullarla işlənilir ki, parlaq rəng alınsın”.
Şaiq Ağayev əl işlərini suvenir kimi satışa çıxarır. Xarici turistlər bu suvenirləri Azərbaycandan xatirə olaraq alırlar. Suvenirlərin qiyməti isə 17-18 manatdır. Onun hazırladığı suvenirlər “ABAD”ın etnobutiklərində satışa çıxarılıb.

“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətinin gənclər arasında daha geniş yayılmasını istəyir.
“Arzulayıram ki, Qarabağda böyük bir sənətkarlıq mərkəzi yaradılsın. Orada qədim xalq sənətkarlığı ilə məşğul olanlar üçün emalatxanalar yaradılsın. Məmnuniyyətlə gedib orada çalışaram. Misgərlik və metal üzərində bədii döymə sənəti bizə dədə-babalarımızdan yadigar qalıb. Biz də bu sənəti yaşatmalı və gələcək nəsillərə ötürməliyik”, - deyə o əlavə edib.
Şaiq Ağayev gələcəkdə əsərlərindən ibarət sərgi açmağı da planlaşdırır.

Regionlar 2024-02-23 11:42:00

Video