×
A
A
A
Sazlamalar

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarların yubileyləri qeyd olunub

Bakı, 22 fevral, AZƏRTAC

Üzeyir Hacıbəylinin ev-muzeyində mədəniyyət xadimləri və ziyalıların iştirakı ilə Xalq artistləri Süleyman Ələsgərov və Şəfiqə Axundovanın 100 illik yubileyləri qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov hər iki bəstəkarın həyat və yaradıcılığından bəhs edib. O, hər iki incəsənət xadiminin musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Qeyd edib ki, görkəmli bəstəkarların yaradıcılıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 22-də görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestrı üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.
Şəfiqə Axundova isə yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi. İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb.
Konsert proqramı ilə davam edən tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri çıxış ediblər.

Mədəniyyət 2024-02-22 20:36:00