×
A
A
A
Sazlamalar

Dövlət Məşğulluq Agentliyi Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi ilə əməkdaşlıq edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında Fəaliyyət Planı imzalanıb.
Bu barədə AZƏRTAC-a Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Bildirilib ki, Fəaliyyət Planını Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzinin prezidenti Daulet Arqandıkov imzalayıblar.
Görüşdə M.Abbasbəyli Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrdən bəhs edib, məşğulluq sahəsində də əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini vurğulayıb. O, Agentliyin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib.
D.Arqandıkov rəhbərlik etdiyi qurumun xidmətlərindən danışıb, Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın hər iki tərəfə faydalı olacağını bildirib.
Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan və 2024-cü ili əhatə edən Fəaliyyət Planı əmək münasibətlərinin rəqəmsallaşdırılması, peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıq səfərlərinin, birgə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Cəmiyyət 2024-02-22 19:53:00