×
A
A
A
Sazlamalar

Binalar üçün enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı seminar keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Dövlət qurumları, beynəlxalq maliyyə institutları, özəl sektor təmsilçiləri və müstəqil ekspertlərin iştirakı ilə “Binalar üçün Milli Renovasiya Proqramının hazırlanması məqsədilə enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri” mövzusunda seminar keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, tədbir Avropa İttifaqının Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsi çərçivəsində təşkil olunub.
Seminarda çıxış edən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı son 3 il ərzində Azərbaycanda enerji səmərəliliyi sahəsində müvafiq hüquqi və tənzimləyici çərçivənin təsdiq olunduğunu qeyd edib. Bildirilib ki, ölkənin enerji istehlakında əsas paya malik olan binalarda enerjiyə qənaətin təmin edilməsi məqsədilə “Özəl və ictimai binalar üçün Milli Renovasiya Proqramı”nın hazırlanması Azərbaycan Respublikasının 2022-2026-cı il üçün sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulub. Hazırda binalarda enerji istehlakının qiymətləndirməsi aparılmaqla müvafiq tədbirləri özündə əks etdirən təkliflərin hazırlanmaqda olduğu vurğulanıb. Milli Renovasiya Proqramının enerji resurslarımızdan səmərəli istifadə ilə yanaşı iqlim dəyişmələrinin qarşısını almaq məqsədilə beynəlxalq səviyyədə götürdüyümüz öhdəliklərə verəcəyi töhfələrdən bəhs edilib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeisterin də çıxış etdiyi seminarda özəl və ictimai binaların renovasiyasına dəstək məqsədli təkliflərlə yanaşı, ictimai binalarda enerji effektivliyi potensialına dair ilkin nəticələr təqdim edilib. İştirakçılarla birgə Milli Renovasiya Proqramının həyata keçirilməsi üçün ehtiyacların qiymətləndirilməsinə dair nəticələr müzakirə olunub.
Seminarda Energetika, Maliyyə, İqtisadiyyat, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, SOCAR, “Azəristiliktəchizat” ASC, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, TƏBİB, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları, Dünya Bankı və digər təşkilatların, müxtəlif şəhər bələdiyyələrinin nümayəndələri, həmçinin Energetika Nazirliyi yanında İctimai şuranın üzvləri iştirak ediblər.
Avropa İttifaqı və Dünya Bankının birgə səyi olan AZTAF Proqramı Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə dəstək məqsədilə yaradılıb.

İqtisadiyyat 2024-02-22 18:03:00