×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

Bakı, 22 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə “Rəngarəngəli” art studionun müəllimi, respublikada ən çox şəhid portretləri işləmiş tanınmış gənc rəssam Əli Təhminənin 30-a yaxın yetirməsinin əsərləri nümayiş olunur.
Layihə rəhbəri, sənətşünas, təşkilatçı Əli Rəşad bildirib ki, tədbirdə sərgilənən əsərlərdə iki məqam əsas götürülüb: “2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirlərindən sonra bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olundu. Artıq Xocalıda da üçrəngli Bayrağımız dalğalanır. Bu sərgidə nümayiş etdirilən əsərlərdə həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci göstərilir”.
Sərgidə çıxış edən qonaqlar Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqda bu kimi sərgilərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, bundan sonra rəssamlarımızın mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə yeni həyatın qayıtmasına həsr olacaq.
Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqdim edilib.

Mədəniyyət 2024-02-22 17:40:00