×
A
A
A
Sazlamalar

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib VİDEO

Bakı, 22 fevral, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.
Döyüş qrupları şəklində şərti düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarında aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizəksürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Ordu 2024-02-22 16:09:00

Video