×
A
A
A
Sazlamalar

UNEC-in rektoru akademik borcu olan tələbələrlə görüşüb

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov akademik borcların yaranma səbəblərini müzakirə etmək məqsədilə qış imtahan sessiyasını üç və daha çox kəsrlə başa vuran tələbələrlə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə akademik borca dair fakültələr, kurslar və tədris dilləri üzrə sessiyanın nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, qış imtahan sessiyasında bakalavriat səviyyəsində tələbələrin 26 faizinin, magistratura səviyyəsində 17 faizinin, ümumilikdə universitet üzrə isə təhsilalanların 24 faizinin akademik borcu yaranıb. Akademik borcun səviyyəsi ən çox Türk dünyası iqtisad fakültəsində (38 faiz), ən az isə Rəqəmsal iqtisadiyyat fakültəsində (9 faiz) qeydə alınıb. Təhsil illəri üzrə ən az kəsr sonuncu kurslarda (18 faiz) olub. Tədris dilləri üzrə daha az kəsiri olan tələbə sayı (12 faiz) ingilis bölməsində, ən yüksək isə türk bölməsində qeydə alınıb. 2023-2024-cü tədris ilində 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olan 215 tələbədən 5-i sessiyanı akademik borcla başa vurub ki, onların da 3 nəfəri səhhətində problem olduğu üçün imtahanlarda iştirak edə bilməyib.
Qeyd olunub ki, ötən tədris ili ilə müqayisədə akademik borcu olan tələbələrin ümumilikdə faiz nisbəti 2 faiz azalıb. Xarici dil fənlərindən imtahanların nəticələrində isə ildən-ilə müsbət tendensiya müşahidə edilib.
Görüşdə akademik borcu olan tələbələrin səsləndirdikləri fikirlər əsasən, imtahan nəticələrindən edilən apellyasiya müraciətləri, imtahan suallarının sayı, imtahan üsullarının dəyişdirilməsi və s. məsələlər barədə olub.
Rektor sualları dinlədikdən sonra araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Elm və təhsil 2024-02-22 16:02:00