×
A
A
A
Sazlamalar

Azərbaycan Xocalı soyqırımının günahkarlarının cəzalandırılması məsələsində ədaləti özü bərpa edir ŞƏRH

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan dövlətinin və yaşadığımız faciənin, – mən Qarabağ münaqişəsini, onun bütün acı nəticələrini, o cümlədən Xocalı soyqırımını nəzərdə tuturam, – timsalında əmin olduq ki, Azərbaycan, beynəlxalq ictimaiyyətdən bu 30 ildən çox müddət ərzində heç vaxt edilməyən yardımı gözləmədən, ərazi bütövlüyünü və haqq-ədaləti özü bərpa edir.
Bunu AZƏRTAC-a Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun Şimali Qafqaz üzrə dosenti Rizvan Hüseynov Xocalı soyqırımının bu yaxında qeyd ediləcək 32-ci ildönümü barədə danışarkən bildirib.
“Azərbaycan öz resursları, Ordusu, dövləti və xalqı ilə birlikdə ölkəmizin qarşısında duran problemləri və çağırışları özü aradan qaldırır. Bu, həmçinin Xocalı və Qaradağlı soyqırımları və digər bu kimi vandallıq aktları da daxil olmaqla, insanlığa qarşı cinayətlərdə iştirak edənlərin hamısının tutulmasına və ədalətli şəkildə cəzalandırılması məsələsinə də aiddir. Bu cinayətlərin günahkarları bilməlidirlər ki, belə əməllərin köhnəlmə müddəti yoxdur. Azərbaycan bu cinayətkarların yerini müəyyənləşdirmək, ələ keçirmək və ədalət mühakiməsinə cəlb etmək üçün hər cür səy göstərir və göstərəcəkdir”, - deyə Agentliyin həmsöhbəti qeyd edib.
O, soyqırımında iştirak edənlərin bir qisminin 44 günlük Vətən müharibəsi dövründə, digərlərinin isə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri zamanı məhv edildiyini, bir qisminin saxlanıldığını, Bakıya gətirildiyini və ədalət məhkəməsinin hökmünü gözlədiyini xatırladaraq, sonuncuların istintaqla əməkdaşlıq etdiyini, cinayətlərin harada və necə törədildiyi, Xocalı soyqırımı qurbanlarının, Qaradağlının kütləvi məzarlıqlarının və insanlığa qarşı digər cinayətlərin harada olduğu barədə ətraflı, mühüm təfərrüatlar açıqladığını vurğulayıb. “Ən əsası, onlar havadarlarının adlarını, eləcə də yüksək vəzifəli erməni məmurları və onların himayədarları ilə bağlı epizodları etiraf edirlər ki, bu da istintaqa həyata keçirilən təhqiqat tədbirlərini daha da genişləndirməyə, Xocalı soyqırımında və insanlığa qarşı törədilmiş digər bu kimi cinayətlərdə iştirak edən bütün cinayətkarların əhatə dairəsini konkretləşdirməyə imkan yaradır”, - deyə tarixçi əlavə edib.
1992-ci il fevral 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndiyə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayının 10 tankı, 16 zirehli piyada maşını, 9 zirehli piyada döyüş maşını göndərilməklə, Xocalı mühasirəyə alınıb. Şəhərə ən müasir silahlarla hücum edən ermənilər Xocalını yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnikanın gücü ilə şəhər tamamilə dağıdılıb və yandırılıb, insanlar xüsusi amansızlıqla qətlə yetirilib. Onların bir çoxunun başları kəsilib, gözləri oyulub, dəriləri soyulub, bir çoxu isə diri-diri yandırılıb. Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 sakini zorla qovulub, 1275 nəfər əsir və girov götürülüb, işgəncələrə məruz qalıb (150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq hər iki valideynini itirib, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib.

Siyasət 2024-02-22 04:44:00