×
A
A
A
Sazlamalar

Aktotı Raimkulova: Türk xalqlarının mədəni irsinin qorunması üçün əlimizdən gələni etməyə hazırıq

Bakı, 22 fevral, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Edil Baysalovla görüşüb.
AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, Edil Baysalov Aktotı Raimkulovanı vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği üzrə mühüm missiyanın həvalə olunduğunu deyib.
“Bu, sizin təyinatınızdan sonra ölkəmizə ilk səfərinizdir və mən sizə Qırğız Respublikasının Fondla əməkdaşlığının genişləndirilməsi və yeni nailiyyətlərlə zənginləşdirilməsi üçün uğurlu zəmin yaratmağı arzu edirəm”, - deyə o bildirib.
Nazirlər Kabineti rəhbərinin müavini Fondun görkəmli yazıçı Çingiz Aytmatovun yubileyinin geniş qeyd olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib və şair Alıkul Osmonovun Bişkekdə yerləşən ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin icrası ilə bağlı Fondun başladığı hazırlıq işlərini vurğulayıb.
Öz növbəsində, Aktoti Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti vəzifəsinə namizədliyinin dəstəkləndiyinə görə təşəkkür edib və türk xalqlarının qeyri-maddi və maddi mədəni irsinin qorunması üçün hər cür səy göstərməyə hazır olduğunu bildirib.
O, həmçinin Fondun cari fəaliyyəti və yaxın vaxtlarda planlaşdırılan tədbirlər barədə danışıb.
Görüşdə tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Mədəniyyət 2024-02-22 02:28:00