×
A
A
A
Sazlamalar

Azərbaycan normallaşma prosesini ikitərəfli müstəvidə davam etdirməyə üstünlük verir – Ekspert rəyi

Bakı, 21 fevral, Səadət Hakıyeva, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransında, adından da göründüyü kimi hər il təhlükəsizliklə bağlı qlobal problemlər, dövlətlərarası münasibətlər, yaxın gələcəkdə atılan addımlar müzakirə olunur. Budəfəki tədbirdə dünyanın 180-dən çox ölkəsindən nümayəndələr iştirak edirdilər.
Azərbaycan da hər zaman bu Konfransda yüksək səviyyədə təmsil olunur. Prezident İlham Əliyevin budəfəki konfransda iştirakı onunla fərqlənir ki, dövlətimizin başçısı bu tədbirə şəxsən dəvət olunmuşdu. Yəni, konfransa dəvət müvafiq qurum tərəfindən ümumi və şəxsi dəvət əsasında olur. Burada diqqətçəkən digər vacib məqam, marağı özündə ifadə edən məsələ ondan ibarətdir ki, Münxendə keçirilən görüşlərin əsas təşəbbüskarı qarşı tərəf idi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib.
Ekspertin sözlərinə görə, Münxendə çoxsaylı görüşlərin əsasən qarşı tərəfin təşəbbüsü əsasında baş tutması ondan xəbər verir ki, dünya dövlətləri, müxtəlif nüfuzlu təşkilatlar, transmilli korporasiyaların nümayəndələri müxtəlif məsələlərlə bağlı Azərbaycanla, Azərbaycan Prezidentinin mövqeyi ilə maraqlanırlar. Bu, təbii ki, regionda cərəyan edən proseslərə də aiddir.
Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə də toxunan M.Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün əldə olunması üçün bütün imkanlardan istifadə edib. Beynəlxalq platformalarda, bir sıra dünya ölkələri rəhbərlərinin vasitəçiliyi ilə bütün formatlarda keçirilən görüşlərdə yalnız bir məqsəd var idi – sülhə nail olmaq. Ancaq təəssüf ki, bəzi siyasi dairələr öz maraqlarından çıxış etdikləri üçün sülh prosesini pozan addımlar atdılar. Bu münasibət, təbii ki, Azərbaycan tərəfindən qəbul edilə bilməz.
“Ermənistan hələ də ölkəmizə qarşı ərazi iddialarını davam etdirir. Ortaya sual çıxır: Belə bir vəziyyətdə nəyə görə münasibətlərin normallaşması, sülh üçün qarşı tərəfdən daha çox biz can yandırmalıyıq. Əslində, sülh Ermənistana daha çox lazımdır. Biz öz gücümüzlə ərazilərimizi işğaldan azad etmişik, suverenliyimizi tam bərpa etmiş qalib dövlətik. Əgər Ermənistan sülhdə maraqlı deyilsə, olmasın. Halbuki, bölgənin bütün kriteriyalarda ən zəif ölkəsi məhz odur.
Biz beynəlxalq münasibətlər sisteminə baxsaq, görərik ki, elə dövlətlər var ki, diplomatik münasibətləri yoxdur, amma bərabər mövcudluqlarını davam etdirirlər. Azərbaycan Prezidenti də məhz bu kontekstdə Milli Məclisdə andiçmə zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu vurğuladı: “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir”.
Əslində, biz bu prosesdə fəaliyyətimizi dayandırmırıq, sadəcə, ikitərəfli müstəvidə davam etdirməyə üstünlük veririk”, - deyə Mətin Məmmədli vurğulayıb.

Siyasət 2024-02-22 01:22:00