Cənubi Koreyada istefa verən həkim-internaların sayı 8816-ya çatıb VİDEO
Pekin, 21 fevral, AZƏRTAC
Cənubi Koreyada hökumətin ali məktəblərdə tibb ixtisasları üzrə qəbul kvotasını artırmaq planına etiraz olaraq istefa ərizəsi təqdim edən həkim-internaların sayı artaraq 8 min 816-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bu, ölkədəki bütün həkim-internaların 71,3 faizi deməkdir. İşdən çıxmaq üçün ərizə təqdim edən həkim-stajorlar ölkənin 100 tibb müəssisəsində çalışanlardır.
Həkim-internaların kollektiv aksiyası ölkədə tibb xidmətlərinə mənfi təsir göstərib. Belə ki, paytaxt Seulun ən böyük 5 xəstəxanasında gündəlik cərrahi əməliyyatların sayı tibb mütəxəssisi çatışmazlığı ucbatından yarıbayarı azalıb. Bu cür vəziyyət səlahiyyətli qurumlarda, eləcə də əhali arasında narahatlıq yaradıb. Hökumət hələlik sərt addımlar atmasa da, həkimləri işə başlamağa çağırıb. Növbəti mərhələdə tibbi xidmətlər haqqında qanuna əsasən, vəzifəsini yerinə yetirməkdən imtina edən həkim qrupuna səlahiyyətli orqanlar işə başlamaq barədə əmr verə bilər. Əgər həkimlər bu əmrə tabe olmasalar, onlar 3 ilə qədər azadlıqdan məhrum edilə bilər ki, bu da həkimlərin sertifikatının ləğvinə səbəb olacaq.
Qeyd edək ki, Cənubi Koreya hökumət əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırıb. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Cənubi Koreyada əhali sayına nisbətdə həkimlərin sayı inkişaf etmiş ölkələr arasında ən aşağı göstəricilərdən biridir. Amma həkimlər, xüsusən də həkim-stajorlar hökumətin bu qərarı ilə razılaşmır. Onlar hökumətin məsələ ilə bağlı ətraflı məsləhətləşmələr aparmadığını, bu addımın tibbi təhsil və xidmətlərin keyfiyyətini pozacağını iddia edirlər.
Dünyada bir milyarddan çox insan piylənmədən əziyyət çəkir
Tədqiqatçılar depressiya ilə əlaqəli 300-dən çox yeni genetik risk faktoru aşkar ediblər - ARAŞDIRMA
Çində yaz festivalında 9 milyard səyahət proqnozlaşdırılır
Bayden Oval ofisdən xalqa vida müraciəti edib
Hava çirkliliyi beyində ciddi zədələrə səbəb olur - TƏDQİQAT