×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya ekspertləri xalq diplomatiyasının rolunu müzakirə ediblər

Bakı, 21 fevral, AZƏRTAC

Bakıdakı Rus evində “Rusiya-Azərbaycan münasibətlərinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, görkəmli ictimai xadimlər, xalq diplomatiyası sahəsində ekspertlər, mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov və Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov tədbir iştirakçılarını salamlayıblar.
Beynəlxalq dəyirmi masanın moderatorları qismində Rusiya Xalqları Assambleyası Şurasının sədri, Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Svetlana Smirnova və Bakı Slavyan Universitetinin professoru, Azərbaycanın Əməkdar jurnalisti Şəlalə Həsənova çıxış ediblər.
Dəyirmi masada iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi, etnomədəni irsin qorunması sahəsində səriştəliliyin artırılması, habelə Rusiya və xarici ictimai liderlərin aşkar edilməsi və dəstəklənməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbir “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı və “Rusiya Xalqları Assambleyası” Ümumrusiya İctimai Təşkilatı tərəfindən Bakıdakı Rus evi, Ümumdünya İctimai Sammit İdarəsi, Rusiya Federasiyası Dövlət Dumasının Millətlərin İşləri üzrə Komitəsi, Rusiya İctimai Palatasının Millətlərarası, Dinlərarası münasibətlər və Miqrasiya Komissiyası, Ümumrusiya “Xalqların həyat naminə birgə yaradılışı” İctimai Hərəkatının (Senejski Forumu) dəstəyi ilə təşkil edilib.

Cəmiyyət 2024-02-21 21:06:00