İstanbulda 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir
İstanbul, 21 fevral, AZƏRTAC
İstanbulda keçirilən 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir.
AZƏRTAC xəbər verir ki, bu il “Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək” mövzusuna həsr edilən tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin ev sahibliyi ilə baş tutub.
Tədbirin açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanlanan məktubları oxunub.
Mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin sədri Akkan Suver, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay, deputat Mövlud Çavuşoğlu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev, Türkiyə Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə Baş İdarəsinin rəisi Mehmet Samsar, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digərləri bildiriblər ki, dünyada gözlənilməz anlarda fərqli şəkildə və ya eyni vaxtda baş verən təbii, iqtisadi, sosial və siyasi proseslər bəzən regional və ya qlobal böhranlara çevrilir. Bu cür qlobal böhranların həlli isə ölkələr arasında əməkdaşlıq tələb edir. Dünyada COVID-19 pandemiyası ilə başlayan, iqlim dəyişikliyi, Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları ilə davam edən hadisələrin qlobal arenada təsirləri davam etməkdədir. Belə məsələlər iqtisadiyyata təsirsiz ötüşmür ki, bu da bütün dünyaya təsir edir.
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı son vəziyyətə toxunan Mehmet Samsar bunu tarixi sülh üçün bir fürsət kimi dəyərləndirib. Bu fürsətin dəyərləndirilməsinin bölgəmiz üçün yeni dövrün başlanğıcı ola biləcəyini qeyd edən Türkiyə XİN rəsmisi bu çərçivədə ən qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözlədiklərini vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində maneə qalmayacaq.
Tədbir “Ümumi iqtisadi mövzular”, “İqlim böhranı, ətraf mühit və enerji problemləri”, “Əsas hüquqlar. Demokratiya və avtoritar rejimlərdə hüquq pozuntuları”, “Qanunsuz ticarətə qarşı mübarizə çərçivəsində əməkdaşlıq”, “Süni intellekt, bəşəriyyətin gələcəyi və hüquqi infrastruktur”, “Nəqliyyat dəhlizləri: dünyanın inteqrasiyası layihəsi, Bir kəmər - Bir yol layihəsi və onun 2023-2024-cü illər üçün perspektivləri” mövzularının müzakirəsi ilə davam etdirilib.
Ölkəmizi tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev və digər nümayəndələr təmsil edirlər.
Toplantının ikinci günü “Su arxasınca gedən həyat” mövzusunda keçiriləcək toplantı Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr olunacaq.
Builki Zirvə toplantısında dünyanın 40 ölkəsindən nümayəndələr iştirak edir.
Doqquz ayda daşınmaz əmlakın icbari sığortası üzrə 1 milyon 870 min manat ödəniş edilib
Naxçıvan Muxtar Respublikasının rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb
Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib