×
A
A
A
Sazlamalar

Azərbaycan Özbəkistanda keçirilən Beynəlxalq Ana Dili Günü tədbirində təmsil olunub

Bakı, 21 fevral, AZƏRTAC

Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Barno Abdullayeva Beynəlxalq Ana Dili Gününün tarixi barədə məlumat verib. O, Özbəkistanda ana dilinə olan dövlət qayğısından danışıb, bu baxımdan ölkədə fəaliyyət göstərən elm və təhsil müəssisələrinin fəaliyyətini vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ana dilinin hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biri olduğunu vurğulayıb. Dünyanın ən qədim, zəngin və gözəl dillərindən biri olan Azərbaycan dilinin də müasir dövrdə türk dilləri arasında aparıcı, sevilən bir dil olduğunu diqqətə çatdıran Samir Abbasov Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının qəbul edildiyini bildirib.
Samir Abbasov ana dilimizin təbliği və tədrisi sahəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda həyata keçirilən layihələrdən danışıb. O, müvafiq sahədə həyata keçirilmiş ən böyük uğur kimi Özbəkistanın iki aparıcı ali təhsil məktəbində Azərbaycan dilinin tədris edildiyini vurğulayıb.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Xarici dillər kafedrasının müdiri Şahzoda Abdullayeva çıxışında müasir dövrdə əcnəbi dil biliklərinin çox önəmli olmasına baxmayaraq hər bir şəxs üçün öz ana dilinin əziz olmasının və gənc nəslin də ana dilinə sevgi ilə böyüməsinin vacibliyini vurğulayıb.
Universitetin Azərbaycan dili müəllimi Mətanət Xudiyeva Özbəkistan ali məktəblərində Azərbaycan dilinin tədrisinin böyük tarixi hadisə olduğunu və tədrisin təşkilinə görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dərin təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində universitetin tələbələri tərəfindən Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Kaykep Əliyeva adına “Azərbaycan” rəqs ansamblının ifasında milli Azərbaycan rəqsləri, universitetin özfəaliyyət dərnəklərinin ifasında isə dünyanın müxtəlif xalqlarına aid rəqslər nümayiş etdirilib.
Daha sonra universitetin ictimai həyatında fəallıq göstərmiş bir qrup tələbəyə fəxri diplomlar təqdim olunub.

Mədəniyyət 2024-02-21 20:05:00