×
A
A
A
Sazlamalar

AQC və ARPA əməkdaşlıq memorandumu imzalayıblar

Bakı, 21 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AQC-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İcra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, ikitərəfli əməkdaşlıq memorandumunda kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Memorandumda qarşılıqlı əməkdaşlığa dair bir çox müddəalar, birgə təlimlərin və tədbirlərin təşkili, təcrübə və fəaliyyət mübadiləsi, kadr hazırlığı və digər xüsuslar yer alıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini vurğulayıb. AQC və ARPA arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan maliyyəçilər və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının zəruri olduğunu diqqətə çatdırıb. KOBİA-nın sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Oruc əməkdaşlıq memorandumunda qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını söyləyib.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazovanın sözlərinə görə, rəhbəri olduğu qurumla Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. Müqavilənin mahiyyətindən bəhs edən Günay Şahbazova rəhbəri olduğu assosiasiyanın risklərin idarə edilməsi, mühasibat, maliyyə və sığorta kimi çoxvektorlu sahələrdə fəaliyyət göstərdiyini və qiymətləndiricilərlə əməkdaşlığın artırılmasının zəruri olduğunu bəyan edib.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu AQC və ARPA sədrləri Vüqar Oruc və Günay Şahbazova imzalayıblar.

İqtisadiyyat 2024-02-21 19:31:00