×
A
A
A
Sazlamalar

Azərbaycan dili dünyanın ən saf və zəngin dillərindən biridir

Xırdalan, 21 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Beynəlxalq Ana Dili Günü ilə bağlı videoçarx izlənilib.
Akt zalında keçirilən tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə doğma dilimizin qorunması, hərtərəfli inkişafı və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. O, eyni zamanda, müstəqilliyimiz bərpa edildikdən sonrа Azərbaycan dilinin cəmiyyətin bütün sfеrаlаrındа məhdudiyyətsiz tətbiqi, inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlara, imzalanan müxtəlif fərman və sərəncamlara, yaradılan müvafiq dövlət komissiyalarına diqqət çəkib.
Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, professor Təranə Hacıyeva dilimizin inkişaf mərhələlərinə, qloballaşma və elmi-texniki tərəqqinin, eləcə də müxtəlif amillərin dilə təsiri kimi məsələlərə toxunub. Milli dövlətçilik ideologiyası olan azərbaycançılıq məfkurəsindən də söz açan kafedra müdiri, digər milli-mənəvi dəyərlərlə yanaşı, dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi başlıca amilləri önə çəkib.
Yazıçı-dramaturq, tərcüməçi Əyyub Qiyas isə dilimizin dünyanın ən saf və zəngin dillərdən biri olduğunu qeyd edib. O, xüsusən tərcümə proseslərində Azərbaycan dilinin geniş imkanları, əsərlərdə dilin ifadə tərzi və s. məsələlər barədə fikirlərini paylaşıb. Həmçinin tələbələrə ana dilimizin qorunması ilə bağlı tövsiyələrini verib.
Tədbir universitet tələbələrinin ifasında hazırlanan bədii hissə ilə davam edib.

Elm və təhsil 2024-02-21 19:13:00