×
A
A
A
Sazlamalar

Mixael Sepik: Azərbaycan Milli Antidopinq Agentliyi ilə əməkdaşlığın ilk mərhələsindəyik VİDEO

Bakı, 21 fevral, AZƏRTAC

“Avstriya Milli Antidopinq Agentliyinin və Mərkəzi Avropa Antidopinq Təşkilatlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümid edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru, Mərkəzi Avropa Antidopinq Təşkilatları İdarə Heyətinin sədri Mixael Sepik Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransı ilə bağlı danışarkən deyib.
O, bu cür əməkdaşlığın digər ölkələrlə də daha uğurlu əlaqələrin qurulmasına kömək edəcəyini bildirib: “Biz Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə əməkdaşlığın ilk mərhələsindəyik. Konfransda təlim-tədris məsələləri ilə bağlı işlər də görürük. Bu əməkdaşlıq tək Avropada deyil, bütün dünyada idmançılarla bağlı vahid yanaşma prinsiplərinin tətbiq edilməsinə təkan verə bilər. Əgər biz diqqətimizi cəmləsək, Mərkəzi və Şərqi Avropa ölkələrində vahid yanaşmaların tətbiqinə nail ola bilərik”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans fevralın 23-də işini Qubada davam etdirəcək. Beynəlxalq idman mədəniyyətinin inkişafı, qadın idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.

İdman 2024-02-21 17:45:00

Video