×
A
A
A
Sazlamalar

“Yeni dövrə böyük ümidlərlə!” devizi altında silsilə tədbirlər keçirilib

Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində tarixi nitqini bütün xalqımız kimi qalib Azərbaycan Ordusunun şəxsi heyəti də böyük rəğbətlə qarşılayıb.
Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Prezidentin andiçmə mərasimi materiallarının öyrənilməsi, təbliği və qarşıya qoyulan mühüm vəzifələrin şəxsi heyətə çatdırılması məqsədilə xüsusi plan hazırlanaraq silsilə tədbirlərin təşkilinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, "Yeni dövrə böyük ümidlərlə!" devizi altında hərbi hissələrə ezam edilən bədii-təşviqat briqadası son bir həftə ərzində işğaldan azad edilən ərazilərdə dislokasiya olunan, eləcə də digər hərbi hissələrdə hərbi qulluqçularla görüşüb, bir-birindən maraqlı vətənpərvərlik tədbirləri ilə şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi üçün onlara mənəvi, hüquqi və mədəni xidmət göstəriblər.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani hər bir tədbir öncəsi çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin andiçmə mərasimində çıxış edərkən Azərbaycan Ordusu haqqında söylədiyi dəyərli fikirləri bir daha şəxsi heyətin nəzərinə çatdırıb, ölkəmizin və Ordumuzun həyatında yeni bir dövrün başlandığını bildirib.
Prezident İlham Əliyevin böyük qürurla söylədiyi "Yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük-böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm", "Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun" fikirlərini Vətən əsgərləri ayaq üstə alqışlayıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki tarixi çıxışı son 20 ildə ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında, ordu quruculuğunda, beynəlxalq aləmdə qazandığı möhtəşəm nailiyyətlərin hesabatı olmaqla yanaşı, həm də xalqımızın, dövlətimizin, o cümlədən Ordumuzun qarşısında mühüm vəzifələr qoyub.

Dövlətimizin başçısının çıxışının müxtəlif məqamlarına istinad edərək polkovnik A.Qurbani vurğulayıb ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlədir və bu proses davam edir. Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun daha da gücləndirilməsidir. Bu yeni dövr uğurla başlanır, uğurla da davam edəcək.
Azərbaycan Bayrağının qürurla dalğalandığı azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə keçirilən vətənpərvərlik tədbirlərində Vətən müharibəsi və antiterror tədbirləri iştirakçıları olan igid döyüşçülər çıxış edərək respublikamızın daha firavan, xoşbəxt gələcəyi naminə səs verdikləri günü həyatlarının ən unudulmaz günü kimi heç vaxt yaddan çıxarmayacaqlarını, qalib Sərkərdənin ucaltdığı bayrağımızın daimi və əbədi dalğalanacağını, yeni dövrə böyük ümidlərlə gedəcəklərini, qarşılarına qoyulan vəzifələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəklərini, göstərilən böyük etimadı bundan sonra da şərəfli xidmətləri ilə doğruldacaqlarını, Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiq qalaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərini bildiriblər.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplantısının iştirakçıları da bədii-təşviqat briqadası üzvlərinin çıxışlarını maraqla qarşılayıblar. "Hər bir əmrinə hazırıq, Vətən!" adlı tədbirdə Prezident İlham Əliyevin andiçmə mərasimindən görüntülər nümayiş etdirilib, hər bir əsgər və zabitin qarşısında duran mühüm vəzifələrdən danışılıb, hərbi marşlar, vətənpərvərlik mahnıları və Azərbaycan əsgərinin möhtəşəm Zəfərini tərənnüm edən ədəbi, bədii və xoreoqrafik kompozisiyalar təqdim olunub.

Ehtiyatdan toplanışa çağırılan hərbi vəzifəlilər prezident seçkilərində fəal iştirak etdiklərini, andiçmə mərasimini diqqətlə izlədiklərini vurğulayaraq təlimlərdə döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, Ordumuzun arsenalına yeni daxil edilən silah və texnikalarla yaxından tanış olduqlarını, onların istismar qaydalarını həvəslə öyrəndiklərini və hər an Vətənin çağırışına hazır olduqlarını qeyd ediblər.
Azərbaycan Ordusu sıralarına yenicə daxil olan gənc əsgərlərin iştirakı ilə təşkil olunan "Vətən, sənin əsgərinəm! " adlı mədəni-kütləvi tədbirlərdə onlara xalqımıza böyük Zəfərin sevincini yaşadan mübariz əsgərlərimizin qəhrəmanlıq ənənələrini şərəflə davam etdirmələri üçün uğurlar arzulanıb, mənəvi-psixoloji və hüquqi dəstək göstərilib. Gənc hüquqşünas ədliyyə kapitanı Rüstəm Əliyevin əsgərin hüquq və vəzifələri haqqında söhbətləri maraqla dinlənilib. Gənc əsgərlərlə görüşlərdə böyük qələbəlik yaşanıb.
Xüsusi Təyinatlı Qüvvələrin və artilleriya hissələrinin şəxsi heyəti ilə keçirilən tədbirlərdən də əsgər və zabitlər xoş təəssüratlarla ayrılıblar.

Əməkdar artist, vətənpərvərlik mahnılarının mahir ifaçısı, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışları alqışlarla qarşılanıb.

Şəxsi heyət bədii-təşviqat briqadası üzvlərinə qoşularaq "Böyük Zəfər marşı"nı bir yerdə oxuyub, qələbə əhvali-ruhiyyəsi ilə şənlik edib.
Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi "Yeni dövr uğurla başlanır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!" fikirləri ilə "Yeni dövrə böyük ümidlərlə!" devizi altında keçirilən vətənpərvərlik tədbirləri həftəsi başa çatıb.

 

 

 

Ordu 2024-02-20 19:15:00