×
A
A
A
Sazlamalar

Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsinə dair layihə davam edir

Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyi tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin irsinin öyrənilməsinə dair həyata keçirilən layihə çərçivəsində Salyan rayonunda növbəti tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Salyan Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə Gənclər Fondunun fəaliyyəti, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə geniş məlumat verib. Layihə rəhbəri qeyd edib ki, bu gün Azərbaycanın davamlı inkişafı Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf kursuna əsaslanır. Xüsusilə gənclərimizin inkişafı, onların yüksək vəzifələrdə irəli çəkilməsi həyata keçirilən uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanımızın müasir simasını müəyyən edən dahi şəxsiyyətdir. Ulu Öndər iki dəfə ölkəmizin həyatına xilaskar kimi daxil olaraq vətənini və xalqını çox mürəkkəb vəziyyətlərdən çıxarıb.
Tədbirdə, həmçinin YAP Salyan rayon təşkilatının nümayəndəsi Vüqar Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, gənclər və idman sektorunun nümayəndəsi Fariz Sadıqlı, Mərkəzi Kitabxananın direktoru Səidə Əliyeva çıxış ediblər.
Qeyd edilib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Bu gün Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi hər birimiz üçün vacibdir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazıb və bu tarix bu gün də yaşayır.
Layihənin eksperti Elçin Həsənli keçirilən layihəyə müsbət rəy bildirərək qeyd edib ki, Heydər Əliyevin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, görkəmli siyasi xadim kimi yüksək keyfiyyətlərində idi. Bu gün hər bir gəncimizə bu keyfiyyətlərin aşılanması onların gələcək inkişafı baxımından olduqca önəmlidir.
Sonda tədbir iştirakçıları layihədə fəal iştirakına görə sertifikatlarla təltif olunublar.
Layihə növbəti günlərdə Cəlilabad, Masallı və Lənkəran rayonlarında da həyata keçiriləcək.

Cəmiyyət 2024-02-20 19:11:00