×
A
A
A
Sazlamalar

“Airforce Technology”: Azərbaycanın “Akıncı”ları nümayiş etdirməsi ölkənin regional aktor kimi mövqeyini möhkəmləndirir

Bakı, 20 fevral, AZƏRTAC

“Airforce Technology” portalında Azərbaycanın yeni “Akıncı” hücum pilotsuz uçuş aparatlarını (PUA) silahlanmaya qəbul etməsi ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, “Akıncı” pilotsuz uçan aparatlarının istehsalçısı olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın və digər rəsmilərin iştirak etdiyi mərasimdən də bəhs edilən yazıda bu PUA-ların Azərbaycanın hərbi potensialını artırdığı qeyd edilib.
Məqalədə, regional gərginlik fonunda müdafiənin modernləşdirilməsinə diqqət yetirən Azərbaycanın öz hərbi gücünü artırmaq üçün yerli istehsal imkanlarından istifadə etdiyi də vurğulanıb.
PUA Akademiyasının fəaliyyətinə də toxunulan yazıda anqar komplekslərindən də bəhs edilib, anqarların müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulduğu qeyd olunub.

Məqalədə bildirilib ki, “Akıncı” pilotsuz uçan aparatının alınması Azərbaycanın hərbi modernləşdirmə səylərində irəliləyişdir. Sələfləri, o cümlədən əvvəllər istifadə edilən TB2 döyüş pilotsuz uçan aparatları ilə müqayisədə “Akıncı” daha çox yük daşıma qabiliyyətinə malikdir. Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinə də diqqət çəkilib. Bildirilib ki, bu hadisələr Azərbaycanın həlledici üstünlüyü saxladığını göstərir, ölkə yerli müdafiə sənayesi istehsalı obyektlərinə investisiyalar yatırır və Türkiyə ilə strateji tərəfdaşlıq edir.
Vurğulanıb ki, Azərbaycan texnologiya və infrastruktura sərmayə qoymağa davam etdiyi bir vaxtda “Akıncı” pilotsuz uçuş aparatı proqramının nümayişi ölkənin strateji çəkindirmə sahəsində regional aktor kimi mövqeyini möhkəmləndirərək, müdafiə hazırlığının yeni dövrünü göstərir.

 

Ordu 2024-02-20 14:40:00