FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar kafe və restoran sahiblərinə müraciət edib
Bakı, 20 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, respublika ərazisindəki iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Bununla əlaqədar olaraq nazirlik iaşə müəssisələrinin sahiblərinə müraciət edib. Müraciətdə deyilir: “Kafe və restoranların mətbəxində müəyyən vaxtdan sonra tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsi ilə nəticələnir.
Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur.
Bütün bunları nəzərə alaraq habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və həmin obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır”.
Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq
Gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüblər
Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib
Suraxanı rayonunda qanunsuz inşa olunan tikililər sökülüb VİDEO
Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib