×
A
A
A
Sazlamalar

İstefada olan polis polkovniki: Xocalıda məhv edilən ailəmizdən tək bircə məzar var…

Bakı, 19 fevral, AZƏRTAC

Bizim ailəmiz Xocalı soyqırımında məhv edilən səkkiz ailədən biridir, - deyə Birinci Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Akif Hüseynov AZƏRTAC-ın müxbirinə söhbət açır. - Atam Mirsiyab şəhərin ən tanınmış ovçularından biri olub. Silaha olan həvəs də övladlarına ondan keçib. Böyük qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri olub, gənclərə silah tutmağı, atəş açmağı öyrədib. Ortancıl qardaşım Bakir şəhər avtobazasının baş mühəndisi idi, hamı deyirdi ki, onun qədər sərrast atəş açan heç kim ola bilməz. Mən Ağdam Polis Şöbəsində işləsəm də, evim Xocalıda idi və hər gün işdən sonra geri qayıdırdım.
Polkovnik xatırlayır: “Vəziyyətin getdikcə ağırlaşdığını və Xocalı ətrafındakı mühasirə həlqəsinin daraldığını görüb Tofiqin, Bakirin uşaqlarını və öz ailə üzvlərimi Ağdama aparmışdım, atamla anam Minəşi heç cür çıxara bilmədim. Dörd tərəfdən ermənilərin yaşadığı kəndlərlə əhatə olunan şəhərin xilası üçün heç bir addım atılmırdı. Fevralın 26-na keçən gecə başlanan dəhşətli atışma zamanı qardaşım Bakir ata-anamı götürüb Tofiqin həyat yoldaşı Məxmərin dalınca gedirlər, lakin həmin vaxt o, öz evlərinin deyil, qonşu binanın zirzəmisinə sığındığından tapa bilmirlər. Onlar bir dəstə yerli sakinlə birlikdə Qarqarçayı keçib Kətik meşəsinin ən hündür yerinə çıxıblar. Hər tərəfin dümağ qarla örtüldüyü meşədə maşın yolunu keçmək istəyəndə erməni quldurlarının atəşinə tuş olublar. Atılan güllələrdən birincisi onlarla gedən Hümbət kişinin 20 yaşlı oğlunun sinəsinə dəyib. Qəfil itkidən özünü saxlaya bilməyən ata özünü oğlunun üstünə atıb”.
Akif müəllimin dediyinə görə, həmin hadisənin cəmi iki şahidi olub, biri elə həmin Hümbət kişi, biri də Vəliyəddin kişi. İndi Hümbət kişi də haqq dünyasına qovuşub. Hümbət kişi əsirlikdən qayıdandan sonra danışırdı ki, oğluma dəyən güllədən sonra özümü itirdim, atışmanın nə qədər davam etdiyini bilmədim. Başını yuxarı qaldıranda onlarla birlikdə gələn sakinlərdən çoxunu ətrafda görməyib. Onun dediyinə görə, şiddətli atışmadan sonra Bakir bir kötüyün üstündə oturub siqaret çəkirmiş, şaxtalı havada əlindəki avtomatın lüləsindən buxar qalxırmış. Atamın əlindəki avtomatın isə qundağı qırılmışdı. O, Hümbət kişiyə deyib ki, gəl uşağın meyitini bir az aralıda qarın içində basdıraq, üstünü da ağac budaqları ilə örtək, sonra imkan olarsa gəlib aparıb dəfn edərik, lakin övlad itkisindən sarsılan ata ona qulaq asmaq iqtidarında deyilmiş. Vəliyəddin kişi də atamla anamı “Rus bulağı”nın üstündə görüb, anam Tofiqi qoyub getmək istəmirmiş. Atam öz ovçuluq təcrübəsinə əsasən deyib ki, buradan meşə cığırları ilə Füzuliyə yol gedir, gəlin həmin yolu tutub gedək. Atam-anam və qardaşım həmin yola üz tutublar, lakin bundan sonra onları görən olmayıb.
“Fevralın 26-da səhərə yaxın qardaşım Tofiq Müşfiq və Vahid adlı iki döyüşçü ilə binaların zirzəmilərini gəziblər, şəhərin tamamilə boşaldığını görüb oranı tərk edib getmək qərarına gəliblər. O, əvvəlcə döyüşçüləri yola salıb, özü isə iki gün Kətik meşəsində qalandan sonra ermənilərin mühasirəsinə düşüb. Bir müddət təkbaşına quldurlarla döyüşəndən sonra ermənilər ona əsir düşərək təslim olmağı və bunun müqabilində əsir götürülmüş yaraqlıları ilə dəyişilməyi təklif ediblər. Tofiq onların təklifi ilə razılaşmayıb. Son gülləsinə qədər döyüşəndən sonra qumbaranı əlinə götürərək onlara tərəf addımlayıb. Qumbaranın partlaması ilə şəhidlik zirvəsinə ucalıb.
Erməni yaraqlıları fevralın 26-da bir dəstə qız-gəlini əsir alaraq Noraguha aparmağa cəhd göstəriblər. Yolboyu onları avtomatın qundağı ilə vuraraq təhqir edirmişlər. Bacım Qətibə də əsir aparılanların arasında olub. O, erməni quldurunun sinəsinə yeriyərək tutduqları əməllərinin cəzasız qalmayacağını deyib. Onun bu hərəkətindən qeyzlənən erməni əsgəri avtomatın tətiyini çəkərək daraqdakı güllələri onun qarnına doldurub…”.
Hadisədən 17 il sonra isə Akif müəllim internet səhifələrində Xocalı küçələrində çəkilən bir şəkillə üzləşib. Şəkli diqqətlə təhlil edərək küçədə qanına qəltan edilənlərin qardaşı Tofiqin həyat yoldaşı Məxmər, bacısı Məhbubə, qızı Çinarə, oğlu Çingiz və qohumları Rəsmiyyə olduğunu müəyyən edib.
İstefada olan polkovnik deyib: “Tofiq şəhid olandan 26 gün sonra onun meyitini ermənilərdən ala bildik və Bakıdakı Şəhidlər xiyabanında dəfn elədik. Bu, bizim Hüseynovlar ailəsindən olan yeganə məzardır. Qalan şəhidlərimizin nə sonrakı taleyi, nə də son məzarı barədə indiyə qədər də heç bir məlumat yoxdur.
Xocalıda kütləvi məzarlıqların tapılması indiyədək naməlum qalan neçə şəhidin cənazəsinin üzə çıxmasına səbəb ola bilər. Heç şübhəsiz ki, zaman keçdikcə başqa belə məzarlıqlar da üzə çıxacaq”…

Cəmiyyət 2024-02-19 15:02:00