AFFA rəsmisi: “Braqa”nın Bakıda hücum futbolu oynaması “Qarabağ”ın xeyrinə olacaq
Bakı, 16 fevral , AZƏRTAC
“Çox qürurverici haldır ki, Azərbaycan təmsilçisi ilk dəfə qrupdan çıxıb pley-off mərhələsində möhtəşəm nəticəyə imza atdı”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa” üzərində qazandığı 4:2 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun rəqibi yaxşı analiz etdiyini bildirib: “Qarabağ” güclü futbolçulardan ibarət heyətə malik komandadır. Artıq təcrübəlidirlər və oyunçuların fərdi səviyyəsi kifayət qədər yüksəkdir. Portuqaliya təmsilçisinin oyunu çox yaxşı təhlil edilmişdi. “Qarabağ” rəqibin zəif tərəflərindən maksimum yararlanıb qələbə qazandı”.
Veteran qapıçının sözlərinə görə, son dəqiqələrdə “Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadə qol epizodunu boşa verməsəydi, komanda ev oyununa daha rahat hazırlaşa bilərdi: “Bu, Nərimanın beynəlxalq təcrübəsinin az olmasından irəli gəlir. Gəncdir, inanıram ki, gələn dəfə əlinə belə fürsət düşsə, bundan düzgün istifadə edəcək. Lakin bunun cütün taleyinə köklü şəkildə təsir edəcəyini düşünmürəm”.
C.Həsənzadə bildirib ki, səfərdə sərgilənən oyun “Qarabağ”ın növbəti mərhələyə adlayacağını deməyə əsas verir: “Açığı, bu qələbə gözlənilən idi. Amma görüşün bu hesabla yekunlaşacağını çoxumuz təxmin etmirdik. Ağdam klubunun oyun üslubu sürətli əks-hücumlar üzərində qurulub. “Braqa”nın Bakıda hücumameyilli oyuna üstünlük verəcəyini nəzərə alsaq, komandamızın evdə də müsbət nəticə əldə edəcəyini gözləmək olar. Əgər oyun 4:1 hesabı ilə bitsəydi, cütün taleyi oradaca həll olunardı. “Braqa” Bakıda iki top fərqini aradan qaldırmaq üçün var gücü ilə hücuma keçəcək. Bu da komandamızın xeyrinə olacaq. Çünki səfər oyunundakı kimi sürətli əks-hücumlar və keçidlər “Qarabağ”da çox yaxşı alınır. 90 dəqiqədə ən azı iki dəfə belə fürsət yaxalasaq, nəticə ürəkaçan olar. İndiki halda “Qarabağ”ı Bakıda yenə çətin oyun gözləyir. Ona görə də komandanı indidən təbrik etmək tezdir”.
Qeyd edək ki, “Qarabağ” və “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Azərbaycan Kuboku: "Sabah" növbəti mərhələyə yüksəlib
Azərbaycan Avropa üzrə Beynəlxalq Tədris Mərkəzini qurma hüququna yiyələnib
Qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib
Səudiyyəli qonaq: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi