“Qarabağ” Avropa Liqası tarixinin ən qeyri-adi qollarından birinə imza atıb
Bakı, 16 fevral, AZƏRTAC
UEFA Avropa Liqasının ilk oyununda Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” turnir tarixinin ən qəribə qollarından birinə imza atıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin rəqib qapısından keçirdiyi ikinci top kifayət qədər qeyri-adi alınıb.
Cərimə zərbəsi zamanı Braqa təmsilçisinin müdafiəçisi Vitor Qomeş yerlə gələ biləcək topun qarşısını almaq üçün canlı səddin arxasında uzanaraq dayanıb. Amma 23 yaşlı futbolçunun bu addımı komandasının lehinə yox, əleyhinə işləyib.
Yassin Benzianın zərbəsindən sonra top “Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubirin qarşısına düşüb. Fransalı yarımmüdafiəçi isə öz növbəsində qapıçı Mateusu da keçərək meydan sahiblərini cəzalandırıb. Yan xətt hakimi bayrağını qaldırıb oyundankənar vəziyyət qeydə alsa da, epizoda VAR-da baxıldıqdan sonra qolun qaydalar çərçivəsində vurulduğu aydın olub. Maraqlıdır ki, ofsaydı məhz cərimə zərbəsi zamanı yerdə uzanan Vitor Qomeş pozub.
Qeyd edək ki, “Qarabağ” səfərdə “Braqa”ya 4:2 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
"Şəki" klubu Azərbaycan millisinin basketbolçusunu transfer edib
“Neftçi” Roman Qriqorçukla vidalaşıb
Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
“Kəpəz” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrənin nəticələrini dəyərləndirib