×
A
A
A
Sazlamalar

“Braqa”nın baş məşqçisi: Bakıda 3:0 hesablı qələbə bizə kifayət edəcək

Bakı, 16 fevral, AZƏRTAC

İzahı çox çətin olan bir məğlubiyyət aldıq. Düşünürəm ki, bu anda ruhdan düşmək olmaz. Yenidən toparlanmalıyıq. Qarşıda hələ cavab matçı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis evdəki məğlubiyyəti arzuolunmaz nəticə hesab edib: "Amma az da olsa şansımız var. Məsələn, Bakıda 3:0 hesablı qələbə bizə kifayət edəcək. Amma etiraf etmək lazımdır ki, bu, elə də asan olmayacaq. Necə ki, bu gün meydanda çox əziyyət çəkdik".
O, uğursuz nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb: "Azarkeşlərin narazılığı tam haqlıdır. Onların üsyanı mənə qarşıdır. Çünki bütün məsuliyyət baş məşqçiyə aiddir. Hazırda çox məyus və kədərliyəm. Mən azarkeşlərimizə yalnız söz verə bilərəm ki, daha çox çalışacağıq. Çox istərdim ki, bundan sonra da bizim yanımızda olsunlar. Onlar bu cür məğlubiyyətə layiq deyillər".
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.

İdman 2024-02-16 03:10:00