×
A
A
A
Sazlamalar

Qızıl medal qazanan güləşçi: Zədəm olsa da, Avropa çempionatında iştirak etmək istəyirdim

Bakı, 16 fevral, AZƏRTAC

Zədəm olsa da, Avropa çempionatında iştirak etmək istəyirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestə keçirilən Avropa çempionatında 63 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Murad Məmmədov deyib.
Zədə səbəbindən yarışa tam yaxşı hazırlaşmadığını söyləyən idmançı qızıl medal qazandığı üçün xoşbəxt olduğunu bildirib: “Ötən ay Xorvatiyadakı “Zaqreb Open” turnirində qolumdan zədə almışdım. Ancaq Avropa çempionatına kimi özümü bir qədər sağaltdıqdan sonra yarışa qatıldım. Sonda da qızıl medala sahib çıxdım”.
Avropa çempionu olan idmançı gələcək hədəfləri barədə də danışıb: “İnanıram ki, dünya çempionatında da ölkəmi layiqincə təmsil edib qızıl medal qazanacağam. Digər hədəfim isə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək və çempion olmaqdır”.
Həsrət Cəfərov isə turnirdən öncə Xorvatiyada təşkil olunan təlim-məşq toplanışının bəhrəsini gördüklərini deyib. O, Avropa çempionatından əvvəl rəqiblərini yaxşı analiz etdiklərini söyləyib. Gələcək hədəflərindən söz açan idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarında əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar. Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub. Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.

İdman 2024-02-16 00:50:00