×
A
A
A
Sazlamalar

Şərti sərhəddəki vəziyyətin gərginləşdirilməsində Ermənistanın havadarlarının da müstəsna “əməyi” var - Hərbi ekspert

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan-Ermənistan şərti sərhəd bölgəsində məhz erməni hərbçisinin Zəngilan istiqamətində törətdiyi təxribat nəticəsində əsgərimizin yaralanması İrəvanın növbəti dəfə əsl niyyətini büruzə verdi. Bu hadisənin baş verməsi ilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin müəyyən absurd açıqlamaları da oldu. Hansı ki, hadisənin araşdırılması ilə bağlı verilən tapşırıq da qarşı tərəfin növbəti manipulyasiyası idi. Çünki təqdim olunmuş videomateriala baxdıqda aydın görünür ki, erməni hərbçisi döyüş postundakı mövqeyindən atəş açıqdan sonra sərbəst şəkildə müşahidə postuna doğru qayıdır. Digər erməni hərbçilərin bu mənzərəni sakitcə seyr etməsi ondan xəbər verir ki, açılan atəş təsadüfi və ani anda verilən fərdi qərar deyildi. Bu da təxribatın planlı şəkildə həyata keçirildiyini sübut edir. Əgər belə olmasaydı, digər hərbçilərin də atəş açan şəxsə hər hansı bir reaksiyası və müdaxiləsi müşahidə olunardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Azər Bayramov söyləyib.
O bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, istər İkinci Qarabağ müharibəsindən, istərsə də ötən ilin antiterror tədbirlərindən sonra məsələlərə humanist mövqedən yanaşmağa çalışıb. Ermənistan tərəfinin isə sülh müqaviləsi üzrə danışıqların getdiyi bir zamanda yenə də riyakarlığını görməkdəyik.
“Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirdikləri qisas əməliyyatı yerində və çox düzgün addımdır. Hansı ki, bu əməliyyat Ermənistan tərəfinin Azərbaycana qarşı hər hansı bir təxribat törədəcəyinin onun üçün ağır nəticələrə səbəb ola biləcəyini anlaması baxımından önəmlidir. Ölkəmizə qarşı təxribat törədilən döyüş postunun tamamilə zərərsizləşdirilməsi və məhv edilməsi yönündə atılan addımlar digər bu fikirdə olan erməni hərbçiləri üçün də böyük dərs olmalıdır”,-deyə hərbi ekspert vurğulayıb.
Azər Bayramovun sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyi öz məsuliyyətindən boyun qaçırmaq üçün araşdırmanın aparılması yönündə fikirlər səsləndirib. “Ancaq heç bir halda bu, Ermənistan hakimiyyətini məsuliyyətdən azad etmir. Çünki təxribatın mərkəzdən verilən tapşırıq olduğu aydın şəkildə görünür. Şərti sərhəddəki vəziyyətin gərginləşdirilməsində İrəvanın havadarlarının da müstəsna “əməyi” var. Avropa İttifaqının missiyası, eyni zamanda, Fransa Jandarmasının generalının sərhədə səfərindən sonra Çexiya vətəndaşının Azərbaycan sərhədini pozması növbəti dəfə bu riyakar fəaliyyətin həyata keçirilməsinə təkan verən amillərdəndir”.

Ordu 2024-02-13 15:09:00