×
A
A
A
Sazlamalar

ADRA-nın 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Aydın İbadovun sədrliyi ilə keçirilən 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Ərazi Reklam İdarələrinin rəhbərləri iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ADRA-nın İdarə Heyətinin sədri iclası açaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 2023-cü ildə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən danışıb. O, “Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsinin, rəqəmli bilbordlarda və monitorlarda Ümummilli Liderin həyatının ayrı-ayrı dövrlərini əks etdirən görüntü və fotoların yayımının həyata keçirildiyini vurğulayıb. Agentliyin Ərazi Reklam İdarələrində “Heydər Əliyev İli” çərçivəsində müxtəlif seminar, konfrans, abadlıq işləri və ağacəkmə aksiyalarının reallaşdırıldığı qeyd edilib. Aydın İbadov deyib ki, ADRA-nın Ulu Öndərin 100 illiyinə həsr olunmuş 2023-cü ili ən yüksək nəticələrlə başa vurması həm vəzifə, həm də vətəndaşlıq borcu olub.
İdarə Heyətinin sədri Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.
İclasda agentliyin öz fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlarına uyğun olaraq davam etdirdiyi qeyd olunub. Sonra Ərazi Reklam İdarələri rəhbərlərinin açıq məkanda reklamlar sahəsində regionlar üzrə görülən işlərin cari vəziyyəti barədə hesabatları dinlənilib, növbəti aylarda görüləcək işlərdən danışılıb. Gələcək hədəflərə toxunularaq, açıq məkanda reklamlarla bağlı innovativ həll üsullarının tətbiqinin prioritet təşkil edəcəyi xüsusi vurğulanıb.

Cəmiyyət 2024-02-13 13:05:00