×
A
A
A
Sazlamalar

Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlər müşavirəyə gediblər YENİLƏNİB

Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.
AZƏRTAC xəbər verir ki, iclasda iki məruzəçi hakim təyin edilib.
Məruzəçi kimi çıxış edən hakim Sona Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumilləşdirərək fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri barədə 2024-cü il 11 fevral tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.
Daha sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edib. O qeyd edib ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində 8, Sumqayıt Apellyasiya Məhkəməsində isə 1 ərizəyə baxılıb. Həmin ərizələr əsassız olduğuna görə təmin edilməyib.
MSK sədrinin prezident seçkiləri ilə əlaqədar məlumatı dinlənilib. O bildirib ki, seçkilər başlandıqdan sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Namizədliklərin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədlərdən yalnız 7-si imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytarıb. Həmin namizədlərin namizədliyi qeydə alınıb.
O bildirib ki, seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xüsusi diqqət yetirilib.
Sonra Məzahir Pənahov Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.
İclasda, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Sevda Süleymanova çıxış edib.
Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.
Hakimlərin sualları cavanlandırıldıqdan sonra onlar müşavirəyə gediblər.

 

Siyasət 2024-02-13 12:15:00