×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Sərhədçimizə açılan atəş yalnız dövlətimizə deyil, həm də regional sülhə, beynəlxalq hüquqa açılan atəşdir – AÇIQLAMA

Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə, DSX-nin hərbi qulluqçusu əsgər Pərviz Xəlilzadə Ağakişi oğlu yaralanıb.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov baş verən hadisəni Ermənistanın məqsədyönlü təxribatı kimi dəyərləndirib: “Sərhədçimizin erməni snayperi tərəfindən vurulması Ermənistanın ölkəmizə qarşı növbəti məqsədyönlü təxribatıdır və bu təxribatın planlı şəkildə həyata keçirildiyi videokadrlardan da aydın görünür. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşahidəsi ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin də iştirakı ilə ölkəmizə qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin “özfəaliyyəti” kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır. Bu təxribat Ermənistan ordusunun hərbi yetkililərinin bilavasitə tapşırığı və nəzarəti altında gerçəkləşib”.
Polkovnik qeyd edib ki, bu hadisə Ermənistan hakimiyyətinin sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir: “Sərhədçimizə açılan bu atəş bir daha sübut edir ki, Ermənistanın sülhlə bağlı səsləndirdiyi fikirlər imitasiyadan başqa bir şey deyil və İrəvan yalnız və yalnız müharibə haqqında düşünür. Bu səbəblə də sülh müqaviləsi imzalamaqdan yayınır, habelə təmas xəttində vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin şəkildə saxlamağa çalışır. Məqsəd regionda etibarlı sülhün, etibarlı sabitliyin bərqərar olmasına imkan verməmək, hər an yeni bir müharibəni alovlandırmaq üçün münbit zəmin formalaşdırmaqdır”.
Ekspert qeyd edib ki, ABŞ və Fransanın Ermənistana verdiyi birtərəfli dəstək də İrəvanı revanşizmə həvəsləndirən mühüm addımlardan biridir: “Ermənistan rəsmiləri – baş nazirdən tutmuş müdafiə və xarici işlər nazirlərinə kimi hər kəs Fransa və Hindistandan müasir silahlar, hərbi texnikalar aldıqlarını bəyan edir və açıq şəkildə bildirirlər ki, onların silah aldıqları digər fövqəlgüclər də var. Bu bəyanatlar bir daha təsdiq edir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və bu işdə ermənipərəst beynəlxalq güclərin imkanlarından gen-bol istifadə edir.
Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, ölkəmizə qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-ın Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdır və onlar Ermənistanı buna sürükləyir”.
Polkovnik bildirib ki, sərhədçimizə qarşı təxribatın Zəngilanda – İranla sərhədin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibə arealını genişləndirmək planlarından xəbər verir: “Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda – İranla sərhəddə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistan arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”.
Cəlil Xəlilov vurğulayıb ki, baş verən təxribat Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl diplomatiyası”nın nə qədər gərəksiz və təhlükəli olduğunu sübut edib: “Məlum olduğu kimi, bəlli bir müddətdir Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar çox tez-tez əldə binokl Azərbaycan ərazisini izləməklə gündəmə gəlirdi. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin formalaşmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Ancaq dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanma tendensiyası qədər təhlükəlidir və məlum fəaliyyət regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanın riskini gücləndirir.
Hər kəs – həm rəsmi İrəvan, həm də Ermənistana dəstək verən beynəlxalq güclər bilməlidir ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir və bu günə qədər olduğu kimi bundan sonra da bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün - fevralın 13-də DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdiyi təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Bu, bir daha dövlətimizin qətiyyətindən, Ordumuzun qüdrətindən xəbər verir və bu fakt bir daha sübut edir ki, Azərbaycan heç bir təxribatı cavabsız qoymayacaq”.

Cəmiyyət 2024-02-13 11:42:00