×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin məşqçisi: İndidən rəqiblər barədə fikir bildirmək tezdir

Bakı, 7 fevral, AZƏRTAC

“Millətlər Liqasının səbətlərində yer alan komandalar bərabər səviyyəlidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasında 2024/2025-cü illər mövsümünün püşkatması ilə bağlı danışarkən deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, indidən rəqiblər barədə fikir bildirmək tezdir: “Komandaların bəziləri ilə rəsmi və yoxlama oyunları keçirmişik. Az da olsa, bizə tanış olan komandalar var. Lakin hər şeyi zaman göstərəcək. Püşkatmadan sonra bununla bağlı daha dəqiq fikir bildirmək olar”.
C Liqasında Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alan Azərbaycan millisinin mümkün rəqibləri məlumdur. Yığma 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya və Litva - Cəbəllütariq cütünün qalibi olacaq komandalardan ibarət qrupda yer alacaq.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan seçməsi Azərbaycan millisinə rəqib ola bilməz.
Qeyd edək ki, fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

İdman 2024-02-07 16:30:00