×
A
A
A
Sazlamalar

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 15 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4, maddə 207 (Cild I) ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “Nazirliyinin” sözü “Nazirliyi” sözü ilə, “qurum-larının” sözü “qurumları” sözü ilə, “hüquqları” sözü “aşağıdakıları yerinə yetirir” sözləri ilə əvəz edilsin;
1.2. 3.10-cu bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639 (Cild I) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 11-ci hissədə “orqanlara aşağıdakı hüquqlar verilir” sözləri “orqanlar aşağıdakıları həyata keçirirlər” sözləri ilə əvəz edilsin;
2.2. 11.1-ci bəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 dekabr tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 748 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət kitabçası” haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.4-cü bənddə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-1-ci bəndin ikinci cümləsinə “vəzifəli şəxsi” sözlərindən sonra “xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və” sözləri əlavə edilsin;
3.3. 2.8-ci bənddə “sahibkarlıq subyektində” sözləri “sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir” sözləri ilə əvəz edilsin;
3.4. 2.9-cu bənddə “qanunvericilikdə müəyyən edilmiş qaydada” sözləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 401 nömrəli və 4 noyabr tarixli 405 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.18.9-cu, 11.14.9-cu və 12.15.8-ci yarımbəndlərinə “xidməti vəsiqələri” sözlərindən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.
5. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanu-nunun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1.1. 3.1.1.1-ci yarımbənd üzrə:
5.1.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“yoxlamanın aparılması üçün xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və işçiləri yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmağa borcludurlar;”;
5.1.1.2. üçüncü abzasa “məlumatlar” sözündən sonra “(sənədlər)” sözü əlavə edilsin;
5.1.1.3. dördüncü abzasa “xüsusi icazə sahibinə” sözlərindən sonra “(onun səlahiyyətli nümayəndəsinə)” sözləri əlavə edilsin;
5.1.1.4. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və xüsusi icazə sahibləri olan sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;
5.2. həmin Qərarla təsdiq edilmiş “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.2. Xüsusi icazə sahibi və ya onun səlahiyyətli nümayəndəsi iş saatları ərzində müvafiq dövlət orqanlarının nümayəndələrinin nəzarət aparılan obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına, xüsusi icazə sahibi, onun səlahiyyətli nümayəndəsi və ya işçiləri dövlət orqanlarının nümayəndələrinə nəzarətin aparılmasına şərait yaratmağa borcludurlar.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1246 (Cild I) ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Dövlət nəzarətini həyata keçirən Şuranın vəzifəli şəxsləri və subyektlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;
6.2. 3.2.1-3.2.4-cü yarımbəndlər və 3.3-cü bənd ləğv edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 10 may tarixli 121 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 465 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və eksperti-zasının keçirilməsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 8-1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sahibkar analizin və ekspertizanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni analizin və ekspertizanın keçirilməsini tələb edə bilər.”;
7.2. 9-cu hissəyə “razılaşmadıqda” sözündən sonra “, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin analizin və ekspertizanın nəticəsi ilə yeni analizin və ekspertizanın nəticəsi arasında ziddiyyət olduqda” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 831 (Cild I) ilə təsdiq edilmiş “Qiymətli daşların ekspertizasının və diaqnostikasının keçiril-məsi halları və Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
8.1. 9-1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sahibkar ekspertizanın və diaqnostikanın nəticəsi ilə razılaşmadıqda və ya bu nəticəyə şübhələri olduqda, öz hesabına yeni ekspertizanın və diaqnostikanın keçirilməsini tələb edə bilər.”;
8.2. 10-cu hissəyə “razılaşmadıqda” sözündən sonra “, yaxud bu Qaydaların 8-1-ci hissəsində qeyd olunan ilkin ekspertizanın və diaqnostikanın nəticəsi ilə yeni ekspertizanın və diaqnostikanın nəticəsi arasında ziddiyyət olduqda” sözləri əlavə edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1016 (Cild I) ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 2.4.3-cü yarımbəndə “həmçinin” sözündən sonra “şəxsiyyət vəsiqəsini,” sözləri əlavə edilsin;
9.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Dövlət baytarlıq müfəttişi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.”;
9.3. aşağıdakı məzmunda 2.13-1-ci bənd əlavə edilsin:
“2.13-1. Dövlət baytarlıq orqanlarının vəzifəli şəxsləri sahib-karlıq fəaliyyəti ilə məşğul olan baytarlıq fəaliyyəti subyektlərində həyata keçirdikləri nəzarət və yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.”.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 569 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
10.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Yoxlama zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.”;
10.2. 2.3-cü və 2.6-cı bəndlərə “sahibkara” sözündən sonra “və ya onun səlahiyyətli nümayəndəsinə” sözləri, “sifarişli poçt göndərişi vasitəsilə” sözlərindən sonra isə “sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri əlavə edilsin;
10.3. 2.9-cu bəndə “yoxlayıcı orqanın qərarlarından” sözlərindən sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 570 (Cild I) ilə təsdiq edilmiş “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
11.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır.”;
11.2. 2.3-cü bəndə aşağıdakı məzmunda üçüncü-altıncı cümlələr əlavə edilsin:
“Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama sualının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.”;
11.3. aşağıdakı məzmunda 2.11-1-ci bənd əlavə edilsin:
“2.11-1. Yoxlayıcı orqan yoxlama suallarının hazırlanması və onun qiymətləndirilməsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər.”;
11.4. 3.6-cı bəndə “siyahısına” sözündən sonra “müvafiq qeydlərin daxil edilməsinə səlahiyyətləndirilmiş” sözləri əlavə edilsin və həmin bənddən “(yoxlamanın rəhbəri)” sözləri çıxarılsın;
11.5. həmin Qaydaya əlavə “Yoxlama suallarının Siyahısı”nda “bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı” sözləri “yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin və “Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər” adlı sütundan sonra “Əsaslanmış risklər” adlı sütun əlavə edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 188 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 742 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
12.1. 2.2.3-cü və 3.2.3-cü yarımbəndlərdə “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin;
12.2. 2.5-ci və 3.4-cü bəndlərin üçüncü cümlələrinə “sifarişli poçt” sözlərindən sonra “, müəssisə rəhbəri tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan” sözləri əlavə edilsin;
12.3. 3.7-ci bəndə “ərzində” sözündən sonra “mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda” sözləri əlavə edilsin;
12.4. həmin Qaydanın 1, 3, 4 və 5 nömrəli əlavələrində “və hüquqi ünvanı” sözləri “, hüquqi ünvanı, təsviri və s.” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 74 (Cild I) ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi Aktı”nda “sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə, “Sahibkarın izahatı” sözləri isə “Sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin izahatı” sözləri ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 75 (Cild I) ilə təsdiq edilmiş “Məhsulun tədqiqi (sınağı) barədə qərar”da “sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “sahibkarın adı və ünvanı, habelə yoxlama obyektinə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231 (Cild I) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə “xidməti vəsiqəni” sözlərindən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2151 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
16.1. 2.2.2-ci yarımbənddə “(onun müvafiq təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan” sözləri “adı və ünvanı, habelə dövlət baytarlıq nəzarətində olan obyektə dair məlumatlar (adı, ünvanı, təsviri və s.)” sözləri ilə əvəz edilsin;
16.2. 3.2-ci bənddə “poçt vasitəsi ilə (bildirişlə)” sözləri “sifarişli poçt göndərişi vasitəsilə hüquqi və fiziki şəxsin qeydiyyat ünvanına, fiziki və hüquqi şəxs tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana” sözləri ilə əvəz edilsin;
16.3. həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinə “yerləşdiyi və ya saxlanıldığı ünvan” sözlərindən sonra “, təsviri və s.” sözləri əlavə edilsin.


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 26 yanvar 2024-cü il

№ 49

 

Qərarlar 2024-01-29 19:11:00