×
A
A
A
Sazlamalar

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 285 (Cild I) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 1.2.2-ci yarımbəndinin dördüncü abzasından “sistemi” sözü çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 72 (Cild I) ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın 16-cı hissəsindən “sistemi” sözü çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 575 (Cild I) ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 11-ci bəndində “bank sistemində” sözləri “banklarda” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 23 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 138 (Cild I) ilə təsdiq edilmiş “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”nın 17-ci hissəsində “bank sistemində” sözləri “banklarda” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 109 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”nın onuncu abzasında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 977 (Cild I) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na 1 nömrəli əlavə - “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin) peşəkarlıq səriştəsinə dair Proqram”ın 10.2-ci bəndinin 2-ci sütununun yeddinci abzasında “sistemi” sözü “fəaliyyəti” sözü ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 yanvar 2024-cü il

№ 46

Qərarlar 2024-01-27 12:28:00