Folklorşünas alimlər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar - qəhrəmanlıq tariximizin şərəf səhifəsi” adlı anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.
İnstitutun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov 20 Yanvar hadisələrinin xalqımızın tarixi taleyində oynadığı mühüm roldan bəhs edib. Akademik qeyd edib ki, 20 Yanvar hadisələri başvermə səbəbindən, gedişatından asılı olmayaraq, Azərbaycan xalqının sovet imperiyasına qarşı mübarizə hərəkatı idi. Bu hadisələr bir daha sübut etdi ki, heç bir qüvvə xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Bu gün Azərbaycan xalqı həmin hadisələrə yekdil olaraq torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda mübarizəmizin şərəfli səhifəsi kimi baxır.
İnstitutun Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgərov 20 Yanvar faciəsi ilə bağlı təəssüratını bölüşüb. Professor həmin qanlı gecənin şahidi olduğunu və bu tarixin xalqımızın istiqlalında böyük əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının mənliyini sındıra bilmədi, əksinə, xalqımızın yenilməz birliyini, əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Xəyalə Ağayeva “Ülvi Bünyadzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. O, milli yaddaşımıza əbədi həkk olunan azadlıq mücadiləsində şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri olan Ülvi Bünyadzadənin qısa, lakin şərəfli həyat yolu, bədii yaradıcılığı haqqında məlumat verib. Xəyalə Ağayeva Ülvi Bünyadzadənin bütün şeirlərində vətənpərvərlik ruhunun olduğunu bildirib və həmin şeirlərdən nümunələr səsləndirib.
Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi dosent Sevinc Əliyeva “Ölümü ilə əbədilik qazanan Ülvi Bünyadzadə” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Vətənimizin taleyində izi olan Ülvi Bünyadzadənin adı poeziya və mərdlik simvolu kimi tariximizə həkk olunub. İllər ötsə də, bu igid Azərbaycan oğlunun parlaq siması bir qəhrəmanlıq obrazı kimi gələcək nəsillərə yadigar qalacaq. Onun şəxsiyyəti, qısa ömrü ərzində yaratdığı əsərləri, ədəbi fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə qaynayıb qarışıb.
Mifologiya şöbəsinin böyük elmi işçisi Aydın Mustafayev 20 Yanvar hadisəsinin xalqımızın azadlıq mücadiləsinin bariz nümunəsi, tariximizin qəhrəmanlıq salnaməsi olduğunu bildirib.
Azərbaycan Dillər Universitetində Çinin Çunfen bayramı qeyd olunub
Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə