Əlyazmalar İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar - xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu söyləyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan alim çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanların göstərdiyi yenilməzlik, qəhrəmanlıq, vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizəsindən, qəhrəmanlığından söz açıb, faciə qurbanlarının, şəhidlərin heç bir zaman unudulmayacağını bildirib.
Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı və Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova məruzələrində 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə ediblər. Çıxış edənlər 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib, şəhidlərə həsr olunan şeirlərdən nümunələr səsləndiriblər.
Anım mərasimində institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov və professor Tahirə Həsənzadə çıxış edərək qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu qeyd ediblər. Çıxış edənlər gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan, düşmən üzərində əldə olunan mütləq qələbədən sonra maarifləndirmə işinin daha da ciddi aparılması istiqamətində üzərinə düşən vəzifələrdən söz açıblar.
Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Müstəqilliyə aparan yol” adlı kitab sərgisi ilə tanış olublar.
Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib
Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ
Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert
Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq