20 Yanvar - Müstəqilliyə gedən yolun başlanğıcı
Bakı, 20 yanvar, AZƏRTAC
İlk dəfə olaraq 20 Yanvar şəhidlərini dövlət sərhədlərimizdə nəzarətin və bütün ərazimizdə dövlət suverenliyinin tam təmin olunduğu bir şəraitdə anırıq. Bu gün onların ruhu şaddır, istəkləri yerinə yetirilib. Hansı proseslər 20 Yanvara apardı? Bu hadisə necə baş verdi və nəticələri nə oldu? 20 Yanvar tariximizdə hansı rolu oynadı? 20 Yanvar hadisəsindən hansı ibrət dərsləri almaq olar?
AZƏRTAC bu məsələlərlə bağlı Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “20 Yanvar - Müstəqilliyə gedən yolun başlanğıcı” sərlövhəli məqaləsini təqdim edir.
Bəşəriyyətə və insanlığa qarşı ağır cinayət
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu addımı atmaqla Mərkəzi hakimiyyət əsasən iki məqsəd güdürdü: Birincisi, Bakıda və respublikanın digər rayonlarında sovet ordusunun törətdiyi vəhşiliklərdən əhali xəbər tuta bilməsin. İkincisi, televiziya işləyəcəyi təqdirdə bütün əhaliyə müraciət ola bilər, xalq Mərkəzi hakimiyyətə qarşı üsyana qalxa bilərdi.
M.Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı və yanvarın 20-nə keçən gecə əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Əsgər və zabitlər arasında ermənilər də var idi.
Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordu Bakıda və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi. Kütləvi qırğın nəticəsində 131 nəfər dinc vətəndaş öldürüldü, 744 nəfər yaralandı, 12 nəfər itkin düşdü. Həlak olanların arasında uşaqlar, qadınlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi. Dinc əhali arasında kütləvi həbslər aparıldı. Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib. Onların bir qismi SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Bundan əlavə, vətəndaşların mülkiyyətinə ziyan dəydi, evləri, maşınları gülləbaran edildi. Dövlət əmlakına da ziyan dəydi.
20 Yanvar hadisəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qalmışdı. Bir neçə gün sonra Mərkəzi Komitənin plenumunda Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi.
Bu zaman sərt nəzarət altında olan böyük dövlət və siyasi xadim Heydər Əliyev və ailə üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi, respublika və sovet rəhbərliyinin qanlı hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi. Heydər Əliyevin bu addımı sovet siyasətinə zərbə vurdu, Azərbaycanda törədilən qanlı hadisə haqqında həqiqətlərin dünyaya yayılmasında müstəsna rol oynadı.
20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Ordu ölkə daxilində mülki vətəndaşlara qarşı silah işlətmişdi.
Şəhidlər 1918-ci il 31 mart soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində təxminən 2 milyon nəfər iştirak etdi.
SSRİ-nin əsaslarının sarsılması və Azərbaycan xalqının həyatında dönüş anı
20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu. Bu, sovet siyasi sisteminin böhranını, M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı və hakimiyyət arasında uçurum daha da dərinləşdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. Bu isə vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. Ölkənin iqtisadi əsasları sarsıldı.
Xalqın orduya, xüsusi xidmət orqanlarına, bütövlükdə Mərkəzi hakimiyyətə olan inamı tamamilə sarsıldı.
Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar. Moskvadan başlayaraq ən ucqar dağ kəndlərindəki partiya təşkilatlarına qədər sıx bağlı olan bu təşkilatın sonu yaxınlaşdı.
20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra Mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi və yerli hakimiyyətə də etimad bəsləmədi. Azərbaycan xalqı nicat yolunu yalnız dövlət müstəqilliyində gördü.
Sovet atributlarından imtina edilir
Belə bir şəraitdə Moskvada yaşamaq mümkün olmadığından Bakıya, oradan da doğulduğu Naxçıvana gedən Heydər Əliyev 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə həm Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. Ağsaqqal deputat olaraq Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasının qərarı ilə Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək “Sovet Sosialist” ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiya iclasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Sənəddə törədilən qanlı hadisələr ittiham edilirdi. Bu qərarla 20 Yanvar Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunmağa başladı.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. Martın 17-də ölkədə SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendum keçirildi. SSRİ-nin saxlanılmasının tərəfdarları üstünlük qazandılar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında referendum boykot edildi.
Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılması sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu.
Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, Heydər Əliyev imperiyanın Azərbaycan xalqı üzərinə atmaq istədiyi ləkəni silərək ilk dəfə olaraq cəmiyyətə və dünya azərbaycanlılarına həmrəylik ideyasını gətirdi. Həmin ilin dekabrın 25-də Bakıda ölkə parlamentində 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edən müvafiq qanun qəbul olundu.
Şəhid adının uca tutulması və ailələrinə dövlət qayğısı
Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı. 1994-cü il martın 29-da onun təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Bu gün ölkədə təxminən 150 nəfər 20 Yanvar şəhidi vardır. Şəhid ailələri dövlətin qayğısı və himayəsi altındadır. Təkcə bir faktı demək kifayətdir ki, Prezidentin 2023-cü il 11 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü ilin əvvəlindən etibarən 600 manat müəyyən edilib.
20 Yanvar və bütün şəhidlərin ruhu ehtiramla yad edilir. Şəhidlər xiyabanını ziyarət etmək dövlət protokoluna daxil edilib. Hər il yanvarın 20-də ölkə rəhbəri Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə ehtiramını bildirir. Xarici qonaqlar da Şəhidlər xiyabanını ziyarət edərək əklil qoyurlar.
20 Yanvar şəhidlərinin ruhu bu gün şaddır. Arzuladıqları həyata keçirilib. Torpaqlar işğaldan azad edilib. Güclü Azərbaycan dövləti vardır. Dövlət sərhədlərimizin üzərində tam nəzarət qurulub. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və digər yerlərdə bayrağım dalğalanır. Dövlət suverenliyimiz tam bərqərar edilib. 20 Yanvar artıq qara gün deyil, Anım günüdür. Bu gün millətimizin həyatına azad edilmiş şəhərlərimizin günləri bayram günləri kimi daxil edilib.
Alınacaq ibrət dərsləri: inkişafımızın təməlində güclü dövlət, qüdrətli millət və dövlət rəhbəri dayanır
20 Yanvar hadisəsi bir sıra ibrət dərsləri almağa imkan verir. Millət öz idealları və qarşıya qoyduğu məqsədlər naminə əzmkar olmalı, kimsədən yardım ummamalı, yalnız özünə güvənməlidir. Heç bir güc milli iradədən üstün deyildir. Azərbaycan xalqının inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində güclü dövlət, qüdrətli millət və dövlət rəhbəri amilləri dayanır. Xaos, anarxiya və zəif hakimiyyət millətin yolunda başlıca əngəldir. Azərbaycan xalqı daim yenilənməli, inkişaf etməli, dövləti güclü olmalı və vətənpərvərlik hissləri güclü olmalıdır.
“Müasir dövrdə effektiv idarəetmənin problemləri”- konfrans
“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir
BDU-nun 105 illik yubileyi çərçivəsində Fizika fakültəsinin təqdimatı olub
Beynəlxalq konqresin iştirakçılarına Azərbaycanın kənd turizmi haqqında məlumat verilib