×
A
A
A
Sazlamalar

Ramin Əlizadə: 20 Yanvar hadisələrindən sonra Qafqaz regionunda müstəqil dövlətçilik ideyası gücləndi

Bakı, 20 yanvar, AZƏRTAC

XX əsrin 80-ci illərinin ortalarında SSRİ rəhbərliyində Azərbaycan xalqına qarşı qərəzli mövqe tutmuş şəxslərin siyasi hakimiyyəti ələ keçirməsi bir sıra faciələrə yol açdı. “Xalqlar həbsxanası” adlandırılan bu imperiyanın süqutu sürətləndi. 1988-ci ildə azərbaycanlıların doğma yurd yeri olan Qərbi Azərbaycandan (indiki Ermənistan) kütləvi şəkildə deportasiyasının sonuncu mərhələsi başlandı. Ermənistan SSR-də yuva salmış terrorçu daşnakların hərbi və siyasi təzyiqləri nəticəsində azərbaycanlılar öz ata-baba yurdlarını tərk etməyə məcbur edildi. Daşnakların Qarabağ iddiası isə xalqımızın səbir kasasını daşdırdı. Azərbaycan xalqı öz haqq səsini ucaldanda isə imperiya ordusunun qanlı əməli ilə üzləşdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet müstəmləkə rejiminin ordusuna qarşı mübarizə aparan Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi yazıldı. SSRİ rəhbərliyinin göstərişi əsasında Bakıya yeridilən qaniçən imperiya ordusu həmin gün dinc sakinləri qətlə yetirdi. SSRİ Konstitusiyasının 119-cu maddəsi kobud şəkildə pozularaq qeyri-qanuni olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edildi. SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və DTK-nın təxribat qrupları Bakıya doğru irəliləməyə başladılar. Qanlı Yanvar hadisəsini məhz bu qüvvələr törətdi. Bakıya yeridilən imperiya ordusuna azərbaycanlıların müstəqil dövlətçilik ideyalarını, Qarabağda erməni separatizminə son qoyulması barədə səsləndirdikləri kütləvi nümayişləri dağıtmaq, həmçinin Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına şərait yaradan milli azadlıq hərəkatını qan içində boğmaqla, dinc və sadə xalqın gözünü qorxutmaq üçün qırğın törətmək tapşırılmışdı.
“1990-cı il yanvarın 19-da axşam saatlarında SSRİ DTK-nın xüsusi tapşırıqla göndərdiyi şəxslər öz iyrənc planlarını həyata keçirməyə başladılar. Həmin gün saat 19:27-də “Alfa” təxribat qrupu tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikanın bütün ərazisində televiziya verilişlərinin yayımı dayandırıldı. Bundan sonra M.Qorbaçovun fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanından xəbəri olmayan dinc əhalinin üzərinə imperiya qoşunları yeridildi. Bakıda və onun ətrafında olan ərazilərdə qan su yerinə axıdıldı. Şəhərə müxtəlif zirehli texnikalarla, o cümlədən tanklarla hücuma keçən imperiya ordusu yolboyu, eləcə də Xırdalan və Bakı-Sumqayıt şosesində hərəkətdə olarkən dinc sakinləri atəşə tutur, sakinlərə aid avtomobillərin üzərindən keçərək içərisindəki insanları məhv edirdilər. Yanvarın 20-də səhər saat 7:00-da radio ilə fövqəladə vəziyyət elan edilməsi haqqında məlumat elan ediləndə artıq 100 nəfərdən çox dinc sakin qətlə yetirilmişdi. Sovet ordusunun törətdiyi bu qırğın nəticəsində Bakıda və onun ətrafında, həmçinin Lənkəran və Neftçala rayonlarında ümumilikdə 147 nəfər qətlə yetirilib, 744 nəfər isə yaralandı. Təcili yardım maşınlarının gülləbaran edilməsi nəticəsində yaralıların bir çoxu xəstəxanalara vaxtında çatdırılmadığından onların həyatını xilas etmək mümkün olmadı. Bu faciə zamanı həlak olanlar arasında ahıl yaşında olan qocalarla yanaşı, həkimlər, polislər, müəllimlər, alimlər, hətta körpə uşaqlar da var idi”, - deyə Ramin Əlizadə qeyd edib.
“Qanlı Yanvar hadisəsindən dərhal sonra, 1991-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ilk dəfə bu faciəyə siyasi qiymət verdi. O, həmin gün verdiyi bəyanatda Azərbaycan xalqına qarşı törədilən bu qəddar cinayətə görə faciəni törədən şəxsləri, əsasən də M.Qorbaçovu kəskin şəkildə ittiham edərək, qaniçən ordunun təcili surətdə Bakıdan çıxarılmasını tələb etdi. 1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu hadisəyə hüquqi qiymət verilməsini də reallaşdırdı. Məhz onun 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Həmin ilin 29 dekabrında Prezidentin verdiyi daha bir Fərmanla bu status təsdiq olundu. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim qalacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Əslində Qanlı Yanvar Azərbaycan xalqının milli oyanış düşüncəsinin və müstəqillik ideyasının işğalçı imperiya ordusu üzərində parlaq qələbəsi idi. Azərbaycan xalqının apardığı milli azadlıq mübarizəsi dünyada işğalçı imperiyalara qarşı mübarizə aparan digər xalqlar üçün nümunə oldu. Məhz bu hadisədən sonra Qafqaz regionunda müstəqil dövlətçilik ideyası gücləndi”, - deyə Ramin Əlizadə fikrini yekunlaşdırıb.

Elm və təhsil 2024-01-20 10:20:00