Bolnisinin Faxralı kəndində 20 Yanvar şəhidinin məzarı ziyarət olunub
Tbilisi, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə yanvarın 19-da Bolnisi rayonunun Faxralı kəndindən olan şəhid İlqar Hümbət oğlu Əhmədovun xatirəsi anılıb, məzarı ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları Eldar Bayramov, Ramel Lətifov, Elyar Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, eləcə də şəhidin orta təhsil aldığı Faxralı orta məktəbinin (hazırda Arif Əliyev adına tam orta məktəb) kollektivi iştirak ediblər.
Səfirliyin müşaviri Eldar Bayramov bildirib ki, şəhidlərin xatirəsi hər zaman milli iftixar hissi ilə anılır. Onların ailələrinin qayğıları diqqətdə saxlanılır.
Qeyd edilib ki, 20 Yanvar faciəsi həm də bizim şanlı tariximizin qəhrəmanlıq səhifəsidir. Şəhidlər qürur mənbəyimizdir və onların əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Səfirliyin məsul əməkdaşı Ramel Lətifov Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizəsindən danışıb. Bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra İlqar Əhmədovun və bütün şəhidlərin ruhu rahatlıq tapıb. İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi.
Kənd sakinləri adından çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva deyib ki, Qanlı Yanvar faciəsindən 34 il keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur.
Qeyd edək ki, İlqar Əhmədov 1990-cı il yanvarın 20-də şəhid olub. Onun nəşi anasının xahişi ilə Gürcüstana gətirilərək doğulduğu Faxralı kəndində torpağa tapşırılıb.
Sonra səfirliyin əməkdaşları, ziyalılar Bolnisi rayonu Kəpənəkçi kəndindən olan 20 Yanvar şəhidi Tengiz Məmməd oğlu Turabovun ailəsini ziyarət ediblər.
Səfirlik adından şəhid ailələrinə ərzaq yardımı edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib