×
A
A
A
Sazlamalar

Milli Məclis sədrinin müavini: 20 Yanvar xalqımızın qürur tarixidir

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsindən 34 il keçir... Düz 34 il əvvəl SSRİ rəhbərliyi əzəli və əbədi torpağı olan Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxdığı üçün Azərbaycanı cəzalandırmaq qərarına gəldi və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Azərbaycana qoşun yeridildi. Xalqımıza qarşı misli görünməmiş hərbi cinayəti həyata keçirməyi planlayan baş katib tabeliyindəki Müdafiə, Daxili İşlər nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin qoşun hissələrinin Bakıya göndərilməsi ilə bağlı müvafiq göstərişlər verdi. Azərbaycan xalqının artıq rejimdən azad olmaq istədiyini və ən əsas məsələ, Qarabağın Ermənistana verilməsinə etiraz etdiyini görən sovet hakimiyyətinin törətdiyi Qanlı Yanvar qırğını tariximizə dəhşətli faciə kimi yazıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
O qeyd edib ki, Azərbaycana yeridilən qoşun hissələrinin əsas hədəfi dinc əhaliyə divan tutmaq idi və bu məqsədlə hərbi birləşmələrin tərkibində ermənilərə xüsusi yer verilmişdi. Əvvəlcədən Azərbaycana nifrət bəsləyən erməniləri Rusiyanın ayrı-ayrı vilayətlərindən gətirərək qoşun hissələrinin tərkibinə daxil etmişdilər. İkincisi, 1990-cı ilin yanvar ayının 20-də gecə fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, bu barədə xalqa heç bir məlumat verilmədi. Sovet ordusu isə elə ayın 19-da axşam saatlarından Bakı şəhərinin müxtəlif istiqamətlərində amansız qırğınlar törətməyə başladı. Fövqəladə vəziyyət tətbiq olunsa da, xalq bundan xəbərsiz oldu və yalnız səhər 05:30-da bu barədə radio vasitəsilə məlumat verildi, amma həmin ərəfədə qırğın artıq törədilmişdi.
“Baş vermiş hadisələr zamanı sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri yox idi. Heç nədən xəbəri olmayan günahsız və əliyalın insanlarımız həlak oldu. Qoşun birləşmələri mülki əhalini və obyektləri hədəfə almaqla, dinc əhaliyə qarşı amansız cinayət törətdilər. Bu faciə yalnız Bakı şəhərində törədilmədi, ölkəmizin ayrı-ayrı rayon və şəhərlərində də qırğınlar davam etdirildi. Belə ki, paytaxtdan sonra Neftçala və Lənkəran rayonlarında baş vermiş faciələr zamanı ümumilikdə 147 soydaşımız öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu.
Faciə baş verərkən öz xalqının yanında olmayan, əksinə ölkəni tərk edən, bu hadisəyə göz yuman Ə.Vəzirov və başqaları faciənin günahkarları ilə eyni dərəcədə məsuliyyət daşıyırlar. Daha sonra hakimiyyətə gələn və Qanlı Yanvar faciəsinin qəsbkarlarını cəzalandıracaqlarını əsas şüarı elan edən cəbhə hakimiyyəti isə öz dövründə bu hadisəyə ümumiyyətlə heç bir qiymət vermədi”, - deyə Adil Əliyev bildirib.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, soydaşlarımızın üzləşdiyi bu faciə ilə bağlı ilk dəfə haqq səsimizi dünyaya çatdıran Ümummilli Lider Heydər Əliyev oldu. Məhz 1990-cı il yanvarın 21-də sovet hakimiyyətinin ona təzyiqlər göstərməsinə baxmayaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, baş vermiş faciəni dünyaya bəyan etdi. Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu beynəlxalq cinayəti ifşa edərək, əliyalın xalqa qarşı törədilmiş bu vəhşilik aktının günahkarlarının məhz birbaşa sovet və respublika rəhbərliyi olduğunu diqqətə çatdırdı.
1990-cı ilin noyabrında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi baş vermiş faciə ilə əlaqədar ilk dəfə olaraq qərar qəbul etdi. Qəbul olunmuş bu qərarla Qanlı Yanvar hadisəsinə hüquqi qiymət verildi və daha sonra faciə ilə əlaqədar qəbul olunacaq qərarlara zəmin yaratdı. 1994-cü ildə Milli Məclis Qanlı Yanvarla əlaqədar “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.
“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir”, - deyən Ümummilli Lider bu hüzn gününün Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bildirirdi. Gələcək nəsillərin bu hadisəyə daha doğru, daha düzgün qiymət verəcəyini vurğulayan Heydər Əliyev demişdi: “Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.
Adil Əliyev qeyd edib ki, baş vermiş faciənin dünyaya çatdırılması, günahkarların cəzalandırılması istiqamətində aparılan bütün işlər Ulu Öndər tərəfindən nəzarətə götürülmüş və 1994-cü ildə dövlət başçısı tərəfindən “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalanmışdı.
“20 Yanvar faciəsi xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynadı. Xalqımız bir daha anladı ki, müstəqillikdən başqa nicat yolumuz yoxdur və faciədən sonra milli azadlıq hərəkatı geniş vüsət aldı. Faciə qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirəm”, - deyə Milli Məclis sədrinin müavini bildirib.

20 yanvar 2024-01-19 21:48:00