Çexiyadakı səfirliyimizdə 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
Praqa, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib. Mərasimdə səfirliyin kollektivi, Azərbaycanın bu ölkədəki diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi ilə bağlı yaradılmış guşənin önünə çiçəklər düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Adış Məmmədov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə nəzər salaraq, ölkəmizin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb. Səfir 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyini bərpa etdiyini bildirib.
Böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi siyasi iradədən bəhs edən A.Məmmədov Ulu Öndərin SSRİ rəhbərliyi tərəfindən törədilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində xalqın lideri kimi mühüm rol oynadığını diqqətə çatdırıb.
Səfir, həmçinin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, əldə etdiyi iqtisadi yüksəliş, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə mərhələsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ölçüyəgəlməz işlər barədə də iştirakçıları məlumatlandırıb. Müstəqilliyimizin qorunması və torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın apardığı müqəddəs mübarizənin kökündə 20 Yanvar ruhunun dayandığını deyən səfir bu ruhun həmişə yaşayacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində Qanlı Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub və fikir mübadiləsi aparılıb.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib