×
A
A
A
Sazlamalar

Qurban Yetirmişli: Bakıda törədilən qırğınlar məğrur Azərbaycan xalqının iradəsini qıra bilmədi

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RSXM-nin Elektron Xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın bir çox faciələr yaşadığını, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qan yaddaşı olduğunu, həmin qətliamların heç vaxt unudulmayacağını diqqətə çatdırıb. 20 Yanvar qırğını zamanı sovet qoşunlarının Bakıda günahsız insanları qətlə yetirdiyini, tankların şəhər küçələrində insanların üzərinə sürüldüyünü vurğulayan baş direktor faciə zamanı Azərbaycanda gedən proseslərdən də danışıb. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonlarında Qarabağda ermənilərin baş qaldıran separatçılıq meyillərinə keçmiş sovet rəhbərliyi də dəstək verirdi. Bakıda 20 Yanvar faciəsinin törədilməsində əsas məqsəd Azərbaycan xalqının iradəsini sındırmaq idi. Lakin sovet rəhbərliyinin birbaşa göstərişi ilə Bakıda törədilən qırğınlar məğrur Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Professor Qurban Yetirmişli 20 Yanvar faciəsinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin roluna da toxunub. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciəyə görə Sovet İttifaqına rəhbərlik edən şəxslərin məsuliyyət daşıdığını bütün dünyaya bəyan etməsi çox böyük və riskli addım idi. Çünki hələ sovet quruluşu qalırdı. Bununla belə Ulu Öndər bütün riskləri gözə alaraq öz xalqının haqq səsini bütün dünyaya çatdırdı.
20 Yanvar faciəsinə Azərbaycan Milli Məclisi tərəfindən siyasi qiymət verilməsinin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verdiyini qeyd edən professor Qurban Yetirmişli çıxışı zamanı Azərbaycan rəhbərliyi tərəfindən hər zaman torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda canından keçən qəhrəmanlarımıza və onların yaxınlarına həssas yanaşıldığını, Vətən fədailərinin yadigarlarının problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirildiyini deyib.
Bütün törədilən qırğınlara, torpaqlarımızın 30 ildən çox işğalda qalmasına baxmayaraq, Azərbaycan Ordusunun 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdiyini, ötən ilin sentyabr ayında 24 saatlıq antiterror tədbirlərindən sonra isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən baş direktor “Bu gün biz şanlı Zəfərə görə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Ordumuz tərəfindən bütün şəhidlərimizin qisası alındı. Bu gün bizim işğaldan azad olunmuş ərazilərimizdə geniş əhatəli abadlıq-quruculuq işləri aparılır. Kəndlərimiz, şəhərlərimiz yenidən inşa olunur. Vaxtilə məcburi köçkün düşmüş vətəndaşlarımızın öz yurd-yuvalarına dönməsi üçün “Böyük Qayıdış”a başlanılıb”, - deyərək fikirlərini tamamlayıb.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayiş etdirilməsi ilə başa çatıb.

 

Cəmiyyət 2024-01-19 17:23:00