Deputat: 20 Yanvar hadisələri xalqımızın mübarizə və qəhrəmanlıq salnaməsidir
Bakı, 18 yanvar, AZƏRTAC
XX əsrin sonunda sovet rəhbərliyinin Azərbaycana qarşı yönəltdiyi məkrli siyasət, erməni separatizminin açıq şəkildə dəstəklənməsi ciddi etirazlara səbəb oldu və bu, xalq hərəkatının əsasını qoydu. Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etirazını bildirmək üçün meydanlara toplaşan Azərbaycan xalqı öz milli hüquqlarını tələb etməyə başladı. Qəhrəman xalqımızın haqq mübarizəsini yatırmaq üçün Kreml hər cür repressiya siyasətinə əl atdı. Nəhayət erməni lobbisinin əlində oyuncağa çevrilən Qorbaçovun birbaşa əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordu yeridildi. Buna qədər dünyanın bir çox şəhərində dinc vətəndaşları qanına qəltan etmiş sovet işğalçı ordusunun Bakıda törətdiyi qətliam miqyasına və vəhşiliyinə görə heç bir faciə ilə müqayisə edilə bilməz.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.
Həmin vaxt tankların əliyalın insanların üstünə sürüldüyünü, qadınlara, uşaqlara, qocalara rəhm olunmadan onların gülləbaran edildiyini xatırladan deputat deyib: “İmperiya cəlladları bütün beynəlxalq konvensiyaları pozaraq təcili tibbi yardım avtomobillərini belə atəşə tutdular. İşğalçı imperiya bu qəddarlığı və zülmü ilə Azərbaycan xalqını qorxutmağı, azadlıq mübarizəsini qan içində boğmağı qarşısına məqsəd qoymuşdu. Lakin bu vəhşilik və güc qarşısında xalqımız xarakter, birlik, həmrəylik nümayiş etdirərək, böyük əzmlə yenidən meydana toplaşdı. Sovet tanklarının, əli silahlı əsgərlərin gözü qarşısında milyonlarla insan Bakı küçələrində azadlıq şəhidlərini son mənzilə yola saldı. Ardınca 40 gün bütün Azərbaycan boyunca tətil hərəkatı keçirməklə xalqımız sübut etdi ki, bizi güllələmək, qətlə yetirmək olar, amma mübarizə əzmimizi, azadlıq istəyimizi heç bir silah və qəddarlıqla sındırmaq mümkün deyil. Əksinə, xalqımız 70 il dünyanın ən güclü dövləti kimi tanınan bir imperiyanın qarşısında silahsız, mərdliklə dayanaraq dünyaya özünü bir daha sübut etdi. Həmin dövrün reallıqları bir daha göstərdi ki, əgər xalqımızın əziz övladı Heydər Əliyev vəzifəsindən ayrılmasaydı, millətimiz bu faciəni yaşamazdı. Anti-Azərbaycan qüvvələrin qarşısında sipər olan Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının nəticəsi olaraq Bakı və digər şəhərlərimiz qana bulandı, düşmənin məkrli planı reallaşdı. Meydan “qəhrəmanları” isə xalqı elə meydanda qoyub yoxa çıxdılar”.
R.Mahmudov qeyd edib ki, Heydər Əliyev iradəsi, qətiyyəti o vaxt xalqa güc verdi və hamı Azərbaycanın sahibsiz olmadığını gördü. Həmin ağır günlərdə xalqımıza güc verən məqamlardan biri də bu haqsızlığı Moskvada dünyaya çatdıran Heydər Əliyevin bəyanatı oldu. Xalqın qəlbində əbədi sevgi ünvanı qazanmış böyük rəhbər bu bəyanatı ilə yalnız informasiya blokadasını yarmadı, həm də Azərbaycanın apardığı mübarizədə rəhbərsiz olmadığını, ən çətin anlarda xalqının yanında durduğunu sübut etdi. Rejiminin bütün qadağalarına baxmayaraq, 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını əməli şəkildə göstərdi. Sonrakı illərdə məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoymuş oldu. Eyni zamanda, şəhid ailələri və əlil olmuş şəxslər Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi sayəsində dövlətin diqqət və qayğısı ilə əhatələndi.
Deputat sonda vurğulayıb ki, Qanlı Yanvar hadisələrinin 34-cü ildönümündə arxada qalan tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün təkcə regionun deyil, bütövlükdə beynəlxalq aləmin qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin qazandığı uğurlar, sahib olduğu nüfuz və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canlarını Vətən uğrunda mübarizədə qurban verən şəhidlərimizin ruhunu şad edir.
Qazanılan bütün uğurların təməli həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə yüz illər keçsə də, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq.
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb