Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
Tbilisi, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri Tbilisinin yaxınlığındakı Soğanlıq (Poniçala) qəsəbəsində yerli ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Şəhidlərin ruhuna dualar oxunub.
Sonra səfir qəsəbə nümayəndələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Faiq Quliyev Azərbaycan ilə Gürcüstanın müstəqillik mübarizəsindən söz açıb, xarici imperiya qüvvələrinin xalqlarımızın qanı bahasına əldə olunmuş müstəqilliyə qarşı həyata keçirdiyi amansız qətliamlardan danışıb. Bildirib ki, həmin qüvvələr xalqlarımızın mübarizə əzmini qıra bilməyib, Azərbaycan və Gürcüstan öz müstəqilliklərini qoruyub saxlayıb, inkişaf etdirib.
Diplomat Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanın, eləcə də Gürcüstanın müstəqillik uğrunda mübarizələrdə rolunu xüsusi qeyd edib. Bildirib ki, 20 Yanvar faciəsi zamanı gürcüəsilli 6 Azərbaycan vətəndaşı şəhid olub. Bundan başqa, Birinci və İkinci Qarabağ müharibələri, eləcə də 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri zamanı 23 soydaşımız şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan dövləti təkcə ölkəmizdəki şəhidlərin və qazilərin deyil, Gürcüstandan olan şəhidlərin ailələrinə də daim diqqət və qayğı göstərib.
Hər il Qanlı Yanvar faciəsi qurbanlarının ailələri ziyarət olunur, onlara lazımi diqqət və qayğı göstərilir.
Qəsəbə ziyalıları Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə, eləcə də Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğını, onların təhsil haqlarının ödənilməsini, Gürcüstanın müxtəlif bölgələrində məktəblərin, idman, mədəniyyət mərkəzlərinin, uşaq bağçalarının tikintisini, təmir və bərpasını yüksək qiymətləndirib, bunlara görə minnətdarlıqlarını bildiriblər.
Səfir görüş zamanı səslənən təkliflərin nəzərə alınacağını qeyd edib.
Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə ingilis dilində yayımlanıb
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub
Rusiyalı rejissor: Azərbaycan bütün qonşuları ilə dinc yanaşı yaşamağa çalışır
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib