×
A
A
A
Sazlamalar

Azərbaycan İstiqlal Muzeyində anım tədbiri: Unudulmaz yaddaş

Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş “Unudulmaz yaddaş” adlı tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladığı bədii kompozisiya təqdim olunub.
Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd gələcək nəslin vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı günü unutmamasıdır. Otuz dörd il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Bildirilib ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilib. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və dərnək üzvləri, Səbail rayonu 7 nömrəli tam orta məktəbin müəllimləri, şagirdləri və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət 2024-01-18 17:21:00