20 Yanvar faciəsi qurbanlarının xatirəsi İğdırda anılıb
İstanbul, 18 yanvar, AZƏRTAC
Türkiyənin İğdır vilayətində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Dəstəkləmə və Azərbaycan Evi dərnəklərinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəl iki qardaş ölkənin şəhidləri, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib, Vətən uğrunda mübarizədə canlarından keçən bu insanların ruhlarına dualar oxunub.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə 20 Yanvara həsr olunan qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən baş konsul Nuru Quliyev, İğdır valisi Ercan Turan, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal, İğdır Universitetinin nümayəndəsi Sözer Akyıldırım, professorlar Cengiz Atlı və Nurullah Çetin günün məna və tarixi mənasından danışıb, 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, 20 Yanvar Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biridir. Yaşlı, qadın, uşaq demədən hər bir azərbaycanlının ayağa qalxdığı bu tarix, eyni zamanda, bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, müstəqilliyi və suverenliyi uğrunda mübarizəsi kimi qiymətləndirilib.
Çıxış edənlər 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, o gün yaşananların ağrısı-acısının hələ də qəlblərimizdə olduğunu, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçənlərin əziz xatirəsinin türk adı daşıyan hər bir fərdin qəlbində əbədi qalacağını diqqətə çatdırıblar.
Natiqlər Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırlayıblar.
Tədbir çərçivəsində Ziya Zakir Acar tərəfindən təşkil olunan və 20 Yanvar faciəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı