Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tbilisi, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Gürcüstanın Marneuli şəhərində 9 Aprel faciəsinin 35, 20 Yanvar faciəsinin isə 34-cü ildönümünə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizə tarixindən söz açıb, keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınların əsas səbəblərindən danışıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, sovet imperiya qüvvələrinin bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub: “Lakin onlar öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşublar”.
Müşavir Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında, dövlət müstəqilliyinin bərpasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər, dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev 1990-cı ilin yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, dünya ictimaiyyətinə müraciət etməklə və bu qırğının törədilməsində birbaşa sovet rəhbərliyini ittiham etməklə, əslində, bu faciəyə ilk siyasi qiymətini verib.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə bu ölkədə yaşayan soydaşlarımızın rolunu qeyd edən diplomat 20 Yanvar faciəsi zamanı Gürcüstan əsilli 6 nəfərin şəhid olduğunu bildirib.
Sonra Marneuli Bələdiyyəsinin sədrinin müavini Rövşən İskəndərov, Türkiyə Maarif Okullarının Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, ictimai-siyasi xadim, parlamentin sabiq deputatı Mahir Dərziyev, Əməkdar jurnalist Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək 9 Aprel və 20 Yanvar faciələrini şərh edib, fikirlərini bölüşüblər.
Sonda ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb