×
A
A
A
Sazlamalar

20 Yanvar hadisəsinə həsr olunmuş “Azadlığın zirvə günü” adlı tədbir keçirilib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan və Türkiyə şəhid ailələri üzvlərinin iştirakı ilə 20 Yanvar hadisəsinə həsr olunmuş “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasından AZƏRTAC-a bildiriblər ki, kitabxananın və 229 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyədən gəlmiş şəhid ailələrinin üzvləri, deputatlar, Nizami rayonunda yaşayan şəhid anaları, Türk Ağsaqqallar Birliyinin (TAİB) idarə heyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin həyətində şəhidlərin xatirəsinə həsr olunmuş abidə kompleksi önünə gül dəstələri qoyublar. Sonra məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri, rəsm və kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Vüsalə Məmmədova çıxış edərək, bu kimi tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildirib.
Daha sonra kitabxananın direktoru Şəhla Qəmbərova deyib ki, 20 Yanvar günü Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biridir. O eyni zamanda, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğulayıb.
Deputat Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar.
Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyədən olan şəhid ailələri nümayəndə heyətinin rəhbəri, qazi Metin Şenol çıxış edərək şəhidlərin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.

 

 

20 yanvar 2024-01-16 15:26:00