×
A
A
A
Sazlamalar

“Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının Qarabağda keçirilmiş antiterror tədbirləri üçün böyük əhəmiyyəti vardı- AÇIQLAMA

Bakı, 15 yanvar, AZƏRTAC

Növbədənkənar prezident seçkilərinin məhz Azərbaycanın suverenliyinin tam bərpasından sonrakı dövrdə keçirilməsi tarixi baxımından mühüm addımdır. Belə ki, iki yüz il ərzində Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdi. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlət müstəqilliyimizi qoruya bilməzdik. Azərbaycanın yeni dövrə keçmənin əsası isə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və ölkəmizin iqtisadi gücünün artırılması ilə qoyuldu.
Bunu AZƏRTAC-a açıqlamasında “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.

Minalar keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir

O deyib ki, Azərbaycanın bütün ərazilərində ilk Prezident seçkilərinin keçirilməsi çox önəmlidir və ölkəmizin tarixində qalacaq. Bu dövrdə qarşıda dayanan məqsədlərdən biri keçmiş məcburi köçkünlərin təhlükəsizlik şəraitdə doğma torpaqlara qayıdış idi. Həmin yerlərə kütləvi axının qarşısı alınaraq insanların təhlükəsiz qaydada geri dönüşünün təşkilinə rəğmən, son üç ildə 200-dən çox mülki vətəndaşımız mina terrorunun qurbanına çevrildi. Beləliklə, qayıdışı ləngidən əsas səbəblərdən biri də azad olunan ərazilərdə çoxlu sayda minaların basdırılmasıdır.
“Biz Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun oyununu izlədik. Orada mina sahələri mühafizə xətləri ilə işarələnmişdi və onun ətrafındakı hissələrdə abadlıq-quruculuq işləri aparılırdı. Yəni azad olunan torpaqların həm minalardan təmizlənməsi, həm də orada yaşayış yerlərinin və obyektlərin tikilməsi paralel şəkildə davam edir. Səfər zamanı diqqətimi çəkən məqamlardan biri də Qarabağda öz dədə-baba yurdlarında yaşamağı qarşılarına məqsəd qoyan şəxslər üçün yaradılan çox gözəl imkanlar oldu. Çünki 30 il ərzində öz yaşayış yerlərini məcburi şəkildə tərk etmiş vətəndaşlarımıza, Bakı və respublikanın rayonlarında binalar tikilib, qəsəbələr salınıb. Azad olunan ərazilərdə məhz orada yaşamağa qərar vermiş şəxslər üçün əkin-biçin üçün şərait yaradılması davam edəcək, onların məşğulluğu ilə bağlı qurumlarımız bundan sonra da ciddi işləyəcək”, - deyə polkovnik-leytenant vurğulayıb.

Qarabağda antiterror tədbirləri çox uğurla, peşəkarlıqla keçirildi, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdi

Qarabağda antiterror tədbirlərinin çox uğurla, peşəkarlıqla keçirildiyini, hərbçilərimizin böyük qəhrəmanlıq göstərdiyini söyləyən hərbi-siyasi ekspertin sözlərinə görə, burada başlıca məqsəd Ermənistandan Xankəndiyə silahların daşınmasının qarşısını almaq, ölkənin baş naziri Nikol Paşinyanın qondarma rejimin rəhbərlərini təbrik etməsi və nəhayət Azərbaycan polislərinə qarşı mina terrorunun törədilməsi oldu. Ötən ilin aprelində Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Uzun müddətdir Azərbaycan dövləti Ermənistanın sülh müqaviləsini imzalamasına çalışırdı. Lakin qarşı tərəf bu imzalanma prosesini uzadırdı və separatçı fəaliyyətindən əl çəkmirdi. Çünki 2023-cü ildə düşmənin mina terrorundan əziyyət çəkən vətəndaşlarımızın sayı çoxalmışdı. Eləcə də Qarabağda minlərlə qanunsuz erməni silahlı dəstələrinin mövcudluğu vətəndaşlarımızın öz torpaqlarına qayıdışına maneə olurdu. Beləliklə, Azərbaycan BMT-nin qətnamələrini yerinə yetirərək öz suveren ərazisində hərbi əməliyyat tədbirləri keçirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının bəndlərini təktərəfli şəkildə icra etməyə məcbur olan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bundan sonra ölkəmiz isə Qarabağın erməni icması ilə görüşlər təşkil etməyə çalışdı, onlara sülh şəraitində yaşamaq haqqında tövsiyələr verdi. Azərbaycanın Qarabağın erməni əhalisinə öz azad seçimləri ilə bağlı müraciətinə və təklifinə baxmayaraq onlar ərazini tərk etdilər.

Silahlı Qüvvələrimiz bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verir


İctimai Birliyin təsisçisi deyib ki, əslində Azərbaycanın təklif etdiyi sülh sazişi və modeli Ermənistanın da müstəqil dövlət kimi tanınmasına bir işıqdır. Yəni bu ölkənin bütün sülh danışıqlarını havadarlarının diktəsi ilə aparması onun müstəqil dövlət olmamasından xəbər verir. Ancaq Azərbaycan dövləti öz hərbi, iqtisadi potensialı ilə müstəqil siyasət yürüdür. O, Azərbaycan-Ermənistan sərhədlərinin məhz iki ölkənin özlərinin müəyyənləşdirməsini, Qafqazdakı qonşu dövlətlərin regional təhlükəsizliyi və sülhün bərqərar olmasına dəstəyini təklif edir. Lakin Ermənistan isə əksinə özünə kənarda ABŞ-da, Fransada və digər ölkələrdə işıqlı yol axtarır. Azərbaycanın Silahlı Qüvvələri bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Üç Cənubi Qafqaz dövləti, eləcə də Türkiyə, Rusiya və İranın daxil olduğu və Azərbaycanın yaratdığı “3+3” formatı Asiya ölkələrini Avropa ilə birləşdirir. Məhz bölgədə sülhün bərqərar olmasına zəmanət verən ölkələrin liderlərinin zirvə görüşləri, təklifləri, dəstəyi də 70 il bu ərazidə yaşayan xalqlarla dostluq əlaqəsində olmasına baxmayaraq, Ermənistan yenə də öz havadarlarını bu regiona müdaxilə edəcək dövlətlərin arasında axtarır.

Son illər Azərbaycan-Türkiyə hərbi təlimlərinin sayı çoxalıb


“Son illərdə biz Azərbaycan-Türkiyə hərbi təlimlərinin sayının çoxalmasının şahidi olduq. Əslində iki qardaş ölkə Türk Dövlətləri Təşkilatında mahiyyət etibarilə idarəetmə mərkəzləridir. Xəzər dənizinin dostluq dənizi elan edən, Çindən Avropaya gedən “İpək yolu”nda ən təhlükəsiz dəhliz yaradan Azərbaycan dünyaya gözəl nümunə göstərməkdədir. Ötən il keçirilmiş Azərbaycan-Türkiyə birgə hərbi təlimi göstərdi ki, 2024-cü ildə dövlət sərhədimiz birmənalı şəkildə bərpa olunacaq. Ölkəmiz isə bunu bir neçə mərhələdə artıq həyata keçirir”, - deyə Elmar Hüseyn fikrini yekunlaşdırıb.

Ordu 2024-01-15 05:43:00