×
A
A
A
Sazlamalar

Hərbi qulluqçular Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatlardan danışıblar

Bakı, 12 dekabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordusunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu sahəsindəki tarixi fəaliyyətindən söz açıblar. Azərbaycanın rifahı naminə, o cümlədən beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi üçün gördüyü işlər barədə danışıblar.
Qeyd edilib ki, Ulu Öndərin ən müqəddəs arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etmək qabiliyyətinə malik Silahlı Qüvvələrin yaradılması yönündə mütərəqqi islahatların aparılması olub. Onun bu arzusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib və həmin sahədə islahatları uğurla davam etdirərək Qarabağın xilaskarı kimi adını xalqımızın tarixinə qızıl hərflərlə yazdırıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub, hərbi qulluqçu, kursant və şagirdlər ədəbi bədii kompozisiya ilə çıxış edib, Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndiriblər.

Ordu 2023-12-12 18:57:00