×
A
A
A
Sazlamalar

İsveçdə azərbaycanlı tələbə və məzunların 3-cü yığıncağı olub

Stokholm, 10 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Yöteborq şəhərində “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə “İsveçdə tələbə və məzunların III sosial yığıncağı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyi ilə Azərbaycanın İsveçdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə İsveçin 8 şəhərindən İctimai Birliyin 40 üzvü iştirak edib.
Tədbirin əsas məqsədi İsveçdə təhsil alan və təhsilini başa vurmuş şəxslər arasında əlaqələri genişləndirmək, sosiallaşmaq və müxtəlif əhəmiyyətli mövzular ətrafında müzakirələr aparmaqdır.
Sosial yığıncaq iştirakçıların Yöteborq şəhərindəki Qustav Adolf meydanında toplaşması ilə başlayıb. Daha sonra iştirakçılar şəhərin tarixi, mədəniyyəti və yerli xüsusiyyətləri ilə tanış olmaq üçün Yöteborq Şəhər Muzeyində olublar.
İctimai Birliyin Məşvərət Şurasının sədri Rahil Məmmədov, İdarə Heyəti üzvləri Fatimə Taheri və Firuzə Əlizadə tərəfindən iştirakçılara təşkilatın tarixi, fəaliyyət istiqamətləri və keçirilən sosial tədbirlərin məqsədləri barədə məlumat verilib, eləcə də Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Səfir ölkəmizin inkişafı yolunda gənclərin rolu və gənclər siyasəti üzrə mühüm məsələlərə toxunub, gənclərin bu sahədə aktiv fəaliyyətindən məmnuniyyətini ifadə edib.
Çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində çəkilmiş Mikael Silkeberqin “Odin Kodu” adlı filminin nümayişi olub. Sosial tədbir iştirakçıları məşhur “Liseberg” əyləncə parkını və burada yerləşən Milad Bazarını ziyarət ediblər.
Qeyd edək ki, “İsveç Tələbə və Məzun Şəbəkəsi Azərbaycan” İctimai Birliyi İsveçdə təhsil almış və hazırda təhsil alan azərbaycanlıları bir araya gətirmək, onların maraq və əlaqələrini genişləndirmək, o cümlədən Azərbaycanda və İsveçdə təhsil, elm, biznes, texnologiya, davamlı inkişaf və mədəniyyət sahələrində akademik və sosial layihələr təşkil etmək məqsədi daşıyan qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

Cəmiyyət 2023-12-10 01:47:00